Amerika görüş yerini İrəvana dəyişdi

Natiq Miri: "Səfirlərin Ermənistanda toplanması faktı göstərir ki, əsas müzakirə predmeti regiondakı dəyişikliklər olacaq"

ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erika Olsonun Ermənistan, Azərbaycan və Gürcüstana səfəri başlayıb. Məlumatı Amerikanın Ermənistandakı səfirliyi yayıb. Vurğulanıb ki, səfərdə əsas məqsəd regional tərəfdaşlığın stimullaşdırılması və ikitərəfli məsələlərin müzakirəsi olacaq. Olsonun 2-4 noyabrda İrəvanda ABŞ-ın Cənubi Qafqaz regionundakı missiya rəhbərləriylə iclasda iştirak edəcəyi bildirilib. İclasa Amerikanın Ermənistan, Gürcüstan və Azərbaycandakı səfirlərinin, Qafqaz məsələləri ilə bağlı danışıqlar üzrə baş məsləhətçi Endryu Şoferi və Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşı Aleksandr Sokolovskinin qatılacağı vurğulanıb. 

Qeyd edək ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə isə Bakıda keçirilib. 

Politoloqlar Ağ Ev rəsmisinin Cənubi Qafqaz turnesinin və İrəvanda keçirilməsi planlaşdırılan görüşün bir sıra məqamlardan xəbər verdiyinə diqqət çəkiblər. Qeyd olunub ki, ABŞ-ın region ölkələrinə ardıcıl səfərlər təşkil etməsi və toplantılar keçirməsi Vaşinqtonun bölgəyə marağının artdığını göstərir. 

Amerika nümayəndəsinin Cənubi Qafqaz turunu “Şərq”ə təhlil edən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ABŞ-ın son günlər xüsusi aktivlik nümayiş etdirməsinə diqqət çəkib. Ekspert bildirib ki, Ağ Evin Cənubi Qafqaz siyasətində qeyri-müəyyənlik var idi: 

“Regionda baş verən son geosiyasi dəyişikliklər fonunda Vaşinqtonun proseslərə müdaxiləsi şifahi xəbərdarlıqdan o tərəfə keçmirdi. Ancaq son proseslərdən görünür ki, Amerika bölgə ilə bağlı siyasətinə redaktə etmək qərarına gəlib. İclasın bilavasitə İrəvanda keçirilməsi və səfirlərin Ermənistanda toplanması faktı göstərir ki, əsas müzakirə predmeti regiondakı dəyişikliklər olacaq. Azərbaycan-Ermənistan münasibətləri kontekstində kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi və Qarabağ məsələsi ən ümdə problemlər sayılır. Cənubi Qafqazda ABŞ üçün geosiyasi mərkəz rolunda çıxış edən ölkə Gürcüstandır. Gürcüstan Qərb dünyası üçün Cənubi Qafqazın giriş qapısı sayılır. O baxımdan toplantının İrəvanda keçirilməsi geosiyasi mərkəzin Gürcüstandan Ermənistana keçməsi anlamına gəlmir. Bu, sadəcə Ağ Evin maraqlarına xidmət edir və müəyyən mesaj xarakteri daşıyır. Amerika bununla regional ölkələrə, o cümlədən Türkiyə, Rusiya və İrana mesajlar ötürür”. 

N.Mirinin fikrincə, istənilən halda İrəvanda bölgə ilə bağlı toplantının təşkil edilməsi ABŞ-ın proseslə bağlı konkret siyasətini müəyyənləşdirdiyinin göstəricisidir: 

“Açıq şəkildə görünür ki, regiondakı oyunlardan kənar qalan Amerika bölgənin nizamlanmasında rol almaq niyyətindədir. İclasın Ermənistanda təşkil olunmasının səbəblərindən biri də Vaşinqtonun İrəvana dəstəyi kimi dəyərləndirilə bilər. Burada da məqsəd birbaşa Türkiyəyə təzyiq mahiyyəti daşıyır. Çünki görüş yeri kimi qalib Azərbaycanın paytaxtı Bakı, yaxud Tbilisi şəhəri də seçilə bilərdi. Hər halda baş verənlər ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın yenə də tərəfkeş olmasını və obyektiv mövqe sərgiləməməsini göstərir”.