Ermənistan parlamentinin sədri deputatı məhkəməyə verir

Pulu ödəyəcək və parlamentin tribunasından mənim barəmdə deyilənləri təkzib edəcək - tələb belədir

Ermənistan parlamentinin sədri Alen Simonyan müxalif "Hayastan" blokunun deputatı Areqnaz Manukyanı məhkəməyə verəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Simonyan parlamentin iclası zamanı bildirib.
Qeyd edək ki, daha əvvəl Manukyan Simonyanı büdcə vəsaitləri hesabına varlanmaqda ittiham edib. Manukyanın sözlərinə görə, Alen Simonyan qardaşının direktoru olduğu "Euroasfalt" şirkəti yol tikintisi üçün dövlət tenderlərində qalib gəlib və bununla da Alen Simonyan özü də varlanıb.
"Xanım Manukyan öz sözlərini məhkəmədə sübut etməli olacaq, əks halda pulu ödəyəcək və parlamentin tribunasından mənim barəmdə deyilənləri təkzib edəcək", - Simonyan bildirib.
O, Manukyanın dediklərini yalan adlandırıb və deputatları konstruktiv meydanda qalmağa çağırıb.