Bayden-Putin görüşü! – “Hərarət” artır:“...Ukrayna poliqona çevrilə bilər” 

“Ağ Ev rəhbəri ABŞ-ın lap əvvəldən Ukrayna məsələsində Rusiya ilə qarşı-qarşıya gələ biləcəyini deyib”


Rusiya  və ABŞ prezidentləri arasında ilk dəfə telekonfrans formatında ikitərəfli görüş keçirilib. Bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.Məlumatda  qeyd olunub ki,görüş zamanı prezident Bayden  ABŞ-nin və avropalı müttəfiqlərinin Rusiyanın Ukrayna sərhədlərində qüvvələrini artırmasından çox  narahatdır. Ağ Ev mütəffiqləri ilə birgə hərbi eskalasiya baş verəcəyi halda güclü iqtisadi və digər tədbirlərlə buna cavab verəcək.

Bayden eyni zamanda Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Rusiyanı gərginliyi azaltmağa, diplomatiyaya qayıtmağa çağırıb.Tərəflər öz komandalarına prosesi yaxından izləməyi tapşırıblar. Görüşdə həmçinin strateji sabitliklə bağlı ABŞ-Rusiya dialoqu,eləcə də regional məsələlərdə əməkdaşlıq müzakirə edilib.

Maraqlıdır, məlum görüşdən və orada səsləndirilən sərt ritorikadan sonra Rusiya rəsmi Kiyevə qarşı hazırkı aqressiv mövqeyindən geri çəkiləcəkmi, yoxsa bütün sanksiyaları gözə alaraq öz separatçı siyasətini davam etdirəcək?

Sualımızı cavablandıran siyasi şərhçi,"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Sherg.az”a bildirib ki, hazırda Ukrayna ətrafında baş verən proseslər Rusiya ilə Qərbi iki hissəyə ayırır: 

“Bir tərəfdə rəsmi Moskva digər tərəfdə Qərb region üstündə ciddi mübarizə aparırlar. Vəziyyət müharibə müstəvisinə çıxmasa da, gərgin görünür. Ağ Ev rəhbəri Co Bayden ABŞ-ın lap əvvəldən Ukrayna məsələsində Rusiya ilə qarşı-qarşıya gələ biləcəyini deyib. Amma bunun müharibə ilə nəticələnəcəyi o qədər də inandırıcı görünmür. 

Çünki hər iki dövlət güclü orduya malikdir. Əgər burda hərbi əməliyyat başlayarsa, Ukrayna poliqona çevrilər. Bu isə rəsmi Kiyevin dövlət kimi sıradan çıxması ilə nəticələnə bilər”.
Siyasi şərhçi artıq Rusiya sərhəddi boyunca Pribaltika, Polşa, Ruminiya və digər ərazilərdə NATO-nun raket sistemlərinin  mövcudluğuna diqqət çəkib:
“Rusiyanın Ukrayna ilə bağlı işğalçılıq marağına düşməsi əslində onun ərazilərinin rahat şəkildə vurulması deməkdir. Qərb ölkələrinin eləcə də NATO-nun Ukraynaya görə rəsmi Moskva ilə birbaşa kələ-kələyə gəlməsi də o qədər də inandırıcı görünmür. Ola bilər hansısa şiddətli gərginlik yaşansın. Amma genişmiqyaslı müharibə ehtimalını istisna edirəm”.

S.Hümbətov liderlərin görüşünə toxunarkən burda Ağ Evin əsas məqsədinin Rusiyaya qarşı sanksiyaların miqdarını artırmaq olduğunu söyləyib: 

“Sadəcə olaraq Ukrayna arada bir bəhanədir. ABŞ ondan vasitəçi kimi istifadə edir. Hesab edirəm ki, indi lider dövlətlər arasında böyük bir müharibə təhlükəsi yoxdur. Amma iqtisadi sanksiyalarla bağlı məsələlər gündəmə gələ bilər. Rusiya hazırda Qərbin xüsusilə də Ağ Evin tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəkir. Bu sanksiyalar şimal qonşumuzun iqtisadiyyatını son beş ildə iki dəfə zəiflədib.V.Putin belə durumda ABŞ ilə  “bazarlıq etmək” istəyir”.

Siyasi şərhçi indiki halda  rəsmi Moskvanın Ukraynanı işğal etməsinin bir qədər riskli məsələ olduğunu vurğulayıb:

 “Çünki rəsmi Kiyevin həm Türkiyə ilə müttəfiqliyi var, həm də lider dövlətlərdən olan ABŞ açıq şəkildə onu dəstəkləyir. Rusiya bunu gözə ala bilməz. İndi iki tərəf həm çəkindirmək, həm də  qarşılıqlı təzyiq prinsipinə əməl edirlər”.