Rusiya ABŞ-nin iradəsini test edir:"Ukrayna ilə süni gərginlik yaradır və...”


“Rəsmi Vaşinqtondan sərt reaksiya veriləcəyi təqdirdə rəsmi Moskva geri çəkiləcək, əks halda isə daha da irəli gedəcək”

 “Bundan sonrakı mərhələdə hər şey Ağ Evin atacağı addımlardan asılı olacaq”


Rusiya XİN ABŞ-nin Moskvadakı səfirliyinə etiraz notası göndərib. Bununla rəsmi Moskva NATO-nun müəyyən fəaliyyətlərinin təhlükəli nəticələri barədə Ağ Evə xəbərdarlıq edib. Nazirlik bəyan edib ki, Rusiya ABŞ və NATO-nun öz sərhədləri yaxınlığındakı hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır və bu hərəkətlərə son qoyulmazsa, Rusiya onların qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə ediləcək.

Xatırladaq ki, ötən günlərdə baş tutan Bayden-Putin görüşündə Ağ Evin Rusiyanı açıq şəkildə təhdid etməsinin ardınca rəsmi Moskvanın ABŞ-yə belə bir nota verməsi tərəflər arasında gərginliyin səngimədiyini göstərir. Bəs mövcud gərginlik hazırkı ABŞ-Rusiya münasibətlərinə perspektivdə nə vəd edir? 

Vəziyyəti “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, tərəflərin yeddi dekabr  görüşü hələ də alternativlərin olmadığını göstərdi və hər iki tərəfin özünün keçilməz qırmızı xəttini bəyan etsə də, bir-birinə təhlükəsizliklə bağlı zəmanət vermədilər:

“Rusiya NATO-nun onun sərhədlərinə doğru genişlənməsinin qarşısının almasını, Ukraynanın NATO-ya üzv qəbul edilməməsinə dair konkret vədlərin verilsini və ən nəhayət rəsmi Kiyevin Donbası azad etmək istəyindən əl çəkməsini istəyir. Bu üç tələb rəsmi Moskva üçün əsasdır. Təbii ki, bunlar ABŞ-ın birmənalı olaraq yalnız verəcəyi bir qərarlar deyil. Bu məsələlər Ukrayna prezidenti və NATO ilə eləcə də Avropa Birliyi ölkələri ilə müzakirə olunmalıdır”. 

Politoloq rəsmi Moskva tərəfindən Ağ Evə verilən notaya diqqət çəkib:

“Əslində Rusiyanın nota verməsinin əsas səbəbi də ortada heç bir anlaşmanın olmamasıdır. Ona görə də Ukraynanın təhlükəsizliyi ilə bağlı heç bir zəmanət vermir. Mütləq mənada anlaşmaq üçün alternativlər olmalıdır. Ancaq görünən odur ki, hələlik bu mövcud deyil. Düşünürəm ki, yaxın perspektivdə yeni görüşlər və müzakirələr olacaq”. 

N.Miri ABŞ-nin  öz tərəfdaşları və  müttəfiqi olan Avropa Birliyi ölkələri ilə bərabər Rusiyaya qarşı birgə çıxış etməklə bağlı qərar qəbul  etdiyini xatırladıb:
 
“Bu məqamda Ukrayanaya hücum olarsa, rəsmi Moskvaya qarşı ciddi iqtisadi sanksiyaların tətbiqindən söhbət gedir. Məsələ Rusiyanın ən böyük bankları, eyni zamanda, investisiya fonduna birbaşa sanksiyaların tətbiqi və beynəlxalq pul köçürmələri sistemi olan “svit” sistemindən onun tamamilə çıxarılmasından gedir. Artıq bu yöndə Putin xəbərdarlıq edib. Hər bir halda zənnimcə Rusiya Ukrayna sərhədləri boyunca suni şəkildə hərbi gərginlik yaratmaqla dolayısıyla Qərb dünyasının xüsusilə də ABŞ-nin siyasi iradəsini test etmək istəyir”.

Politoloq söyləyib ki, rəsmi Vaşinqtondan sərt reaksiya veriləcəyi təqdirdə rəsmi Moskva geri çəkiləcək, əks halda isə daha da irəli gedəcək:

“Bundan sonrakı mərhələdə hər şey Ağ Evin atacağı addımlardan asılı olacaq”