Rusiya-Ukrayna münasibətləri “dalana dirənib”! -  Yeni müharibə, yoxsa...?!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Brüsseldən Kiyevə maliyyə dəstəyinin göstərilməsinin sülhə töhfə vermədiyini bildirib. Diplomat Avropa İttifaqının bu yaxınlarda Ukraynanın hərbiləşdirilməsi prosesinə qoşulduğunu deyil. O, dekabrın 2-də Aİ Şurası Ukrayna Silahlı Qüvvələrinə hərbi-texniki yardım üçün 31 milyon avro ayrılması barədə qərar qəbul etdiyini diqqətə çatdırıb.
M.Zaxarova eyni zamanda Ukrayna üzrə təmas qrupunun və onun işçi alt qruplarının dekabrın 7-dən 8-dək keçirilən iclaslarının da növbəti dəfə nəticəsiz qaldığını söyləyib.  

Zaxarovanın bəyanatı tərəflər arasındakı danışıqların hazırkı mərhələdən irəli getməyəcəyini göstərir. Bu Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda baş verəcəyinə dair siqnal ola bilərmi? 

Vəziyyəti “Sherg.az”a şərh edən  AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli  qeyd edib ki, Azərbaycan-Ermənistan münaqişəsində rəsmi Bakının Rusiyanın Ermənistana silah satmasından narahat olmasına cavab olaraq Zaxarova “Bu Rusiyanın öz işidir” demişdi:

“Ukraynanın da kimdən silah alacağı, kimə silah satacağı onun daxili işidir. Rusiyanın bundan narahat olması təbiidir. Rusiya özünü Sovetlər Birliyində hiss edir. Elə bilir ki, paytaxt Moskvadır və keçmiş müttəfiq respublikalara istədiyi kimi müdaxilə edə bilər. Artıq o dövr deyil”.

Politoloq gözlənilən Ukrayna - Rusiya müharibəsinin yaxın zamanda baş tutmayacağını söyləyib və səbəblərini açıqlayıb:
“Çünki Ukrayna, eləcə də Rusiya hazırda bu riskə getməz. Putin bildirib ki, sərhəddə yaranan durum ordakı ordunun dislokasiyasıdır. Belə olmadığını hər kəs bilir. Rəsmi Moskva indi sadəcə hədə-qorxu gəlib, Ukraynadan daha çox Qərbin buna mövqeyini bilmək istəyir. Hələlik Bayden-Putin görüşündə Ağ Evin bir qədər sərt reaksiyasını gördük. Nəhayət Qərb Rusiyanın son illərdəki aqressiv siyasətinə təpki verdi. Təbii ki, rəsmi Moskvanı dayandırmaq üçün bu kifayət deyil. Daha sərt mövqe sərgilənməlidir”.