“Nəticədə Avropa resuslarından,beynəlxalq nizamnamə sistemindən kənarlaşıb”
“Bu konteksdə AŞ-dən çıxmağın Rusiyaya böyük bir təsiri olmayacaq. Eyni zamanda, AŞ onun gedişiylə böyük bir itki yaşamayacaq”
Martın 16- da Rusiyanın Avropa Şurasındakı (AŞ) üzvlüyü rəsmi olaraq dayandırılıb.Ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.Xatırladaq ki,Rusiya 26 il bu təşkilatın üzvü olub.Ukrayna ilə müharibə başlayandan sonra isə o Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.
Siyasi şərhçi Asif Nərimanlı Rusiyanın AŞ üzvlüyünün dayandırılması ilə bağlı “sherg.az”a danışıb:
“Əvvəlcə Avropa Şurası özü Rusiyanın təşkilatdan çıxarılması məsələsini gündəmə gətirdi. Rusiya bir növ qabaqdangəlmişlik edib belə bir addım atdı. Beynəlxalq hüquqda bu cür durumlarda təmsilçilik əhəmiyyətli rol oynayır. Amma faktiki olaraq müharibədən sonra həm beynəlxalq hüquq pozulub, həm də beynəlxalq nizam artıq əvvəlki kimi deyil”.
Analitik vurğulayıb ki, AŞ sadəcə ictimai rəyin formalaşmasına dəstək verən bir qurum kimi çıxış edir və bu konteksdən yanaşdıqda onun üzvlüyündən çıxmaq Rusiya üçün böyük məsələ deyil:
“Çünki rəsmi Moskva artıq sivil dünya proseslərindən uzaqlaşıb.O, indi öz gəmisini başqa limana çəkib və nəticədə Avropa resuslarından,beynəlxalq nizamnamə sistemindən kənarlaşıb. Bu konteksdə AŞ-dən çıxmağın Rusiyaya böyük bir təsiri olmayacaq. Eyni zamanda, AŞ onun gedişiylə böyük bir itki yaşamayacaq”.
A.Nərimanlının qənaətincə,Rusiya üçün ən önəmli məsələ BMT-də təmsil olunmağıdır :
“Orda qaldığı müddətdə digər Avropa təşkilatlarından çıxması onun üçün o qədər də əhəmiyyətli deyil. Amma Rusiya-Ukrayna arasında müharibə səngiyərsə, tərəflər razılığa gəldikdən sonra Rusiyanın AŞ-yə üzüvlüyü yenidən bərpa oluna bilər. Belə hallar AŞ-nin təcrübəsində dəfələrlə qeydə alınıb. Bu da istisna deyil”.