Britaniya hökuməti: 2 rus oliqarxın aktivləri dondurulub

Britaniya hökuməti 2 rus oliqarx- Yevgeni Tenenbaum və David Davidoviçin 10 milyard funt sterlinq dəyərində aktivlərinin dondurulduğunu bildirib.

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Tenenbaum və Davidoviçə qarşı alınan sanksiya qərarı ilə fevral ayından bəri sanksiyaya məruz qalan rusiyalı oliqarxların sayının 106-ya çatdığı bildirilib. Verilən açıqlamada Davidoviçə səfər qadağasının da verildiyi qeyd edilib.

İngiltərə Xarici İşlər Naziri Liz Truss, sözügedən sanksiya qərarı ilə bağlı bildirib ki, bu Böyük Britaniya tarixindəki  ən böyük aktiv dondurma sanksiyasıdır.

"Putin Ukraynada uğursuzluğa düçar olana qədər biz sanksiyaları davam etdirəcəyik. Heç nə və heç kim masadan kənarda deyil", - Truss deyib.

Qeyd edək ki, İngiltərə dünən Avropa İttifaqı  ilə koordinasiyalı olaraq, qeyri-qanuni separatçı bölgələrə dəstək verən 178 nəfərə sanksiya tətbiq etmək qərarına gəlib.