Putin-Zelenski görüşü hansı halda baş tuta bilər? – REAL ŞƏRTLƏR SADALANDI


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyədə görüşməsi təklifinin hələ də masada olduğunu bildirib. “İndi görüşün vaxtı barədə danışmaq çətindir, amma həqiqətən ümid edirik ki, bu, çox tezliklə baş verəcək”, - nazir “CNN Türk”ə  müsahibəsində deyib. 

Həmçinin qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə Mariupol şəhərinin nəzarətə götürüldüyünü elan edib. S.Şoyqu həmçinin bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 2 000-ə yaxın hərbçisi olub.O, həmçinin əlavə edib ki, ukraynalı hərbçilər hazırda zavodun ərazisində mühasirədədirlər. Öz növbəsində V. Putin Mariupoldakı “Azovstal” sənaye zonasına hücumu məqsədəuyğun saymadığını açıqlayıb.

Hazırkı kritik vəziyyətdə iki liderin görüşməsi ehtimalını “Sherg.az”a şərh edən tanınmış jurnalist, analitik Fuad Abbasov bildirib ki, Vladimir Putin yalnız Ukraynanın məğlubiyyəti halında görüşə razı ola bilər:

“Putin Zelenski ilə görüşmək istəsə, bu ancaq Ukraynanın məğlubiyyəti, Krımın təsdiq olunmasını, Luqansk və Donetskın “tanınması” haqqında ola bilər.  Əlbəttə, Mövlud Çavuşoğlu istəyir ki, Qaradəniz üzərində qonşuları bir-biriləri ilə savaşmasın və danışıq yolu ilə problemi həll etsinlər. Amma Putin müharibəni Zelenski ilə razılığa getmək üçün,ordularını geri çəkmək üçün başlamayıb. Əgər Putin görüşə razı olarsa, əminəm ki, sadəcə Ukraynanın məğlubiyyəti haqqında  olacaq. Bundan başqa hər hansısa bir mövzu haqqında Putinin Zelenski ilə görüşünü təsəvvür edə bilmirəm. Hazırda hamı istəyir ki, Rusiya öz ordusunu geri çəksin, Luqansk və Donetsk sərbəst buraxılsın və Krım Ukraynaya qaytarılsın. Amma Rusiya bunu heç eşitmək belə istəmir. Ona görə, hesab edirəm ki, görüşmə baş tutsa, hətta Putin də buna razılıq versə, Zelenski buna qarşı çıxacaq. Çünki Zelenski onun sözlərini qəbul etmir”.

Fuad Abbasovun sözlərinə görə, Rusiya ictimaiyyəti öz hökümətlərinə yetəri qədər təzyiq göstərə bilməyib:

“Əlbəttə, dünya  ictimaiyyəti istər iqtisadi,  istərsə də humanitar cəhətdən Rusiyaya yetərli qədər təzyiq göstərdi. Dünya xalqları Buçadakı,Mariupoldakı qətliamları görüb öz hökümətlərinə təsir göstərdilər və Ukraynaya yardım göstərilməsini tələb etdilər.

Amma Rusiya ictimaiyyəti öz iqtidarına təsir göstərə bilirmi? Onlar bu tələbləri öz hökümətlərinə edə bilmədilər. Çünki Rusiya höküməti ölkədə tamamilə söz azadlığının məhv edib. Baş verənləri “müharibə” adlandıranlara 3 il, silahlı qüvvələrə qarşı çıxana 15 il cəza belə verir. Bunun qorxusundan da heç kim səsini çıxara bilmir. Ona görə də yaxın  gələcəkdə Putinin qoyduğu tələbləri geri çəkəcəyinə inamıram. Söz yox ki, Şoyqu Putinin eşitmək istədiyini deyir, görmək istədiyini göstərir. Amma bu o demək deyil ki, Ukrayna ordusu geri çəkilir. Ola bilsin Mariupolda şəhərin böyük bir hissəsi rusların əlindədir. Lakin  “Azovstal”ın hələ də qorunduğu xəbərləri gəlir. Bu səbəbdən heç də demək olmaz ki, Ukrayna danışıqlar masasında “əli boş” oturacaq”.