Putin uzunmüddətli müharibəyə hazırlaşır 


ABŞ kəşfiyyatı sensasiyalı xəbərdarlıq edib

“Ümumi səfərbərlik elanı hər şeyi dəyişə bilər” 

ABŞ kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin “əsl niyyətlərini” təsvir edərək, onun Ukraynada uzunmüddətli müharibəyə hazırlaşdığını və hətta şərqdəki qələbənin belə potensial olaraq münaqişəyə son qoymayacağı barədə xəbərdarlıq edib.
“Şərq” qəzeti Türkiyənin “milliyet.com.tr” saytına istinadən xəbər verir ki, ABŞ-ın xəbərdarlığı Rusiyanın torpaq almağa çalışdığı şərqdə şiddətli döyüşlərin davam etdiyi bir vaxtda edilib. Ukraynanın paytaxtı Kiyevi ələ keçirmək cəhdlərinə müqavimət göstərən Moskva öz qoşunlarını yenidən Donbass bölgəsini ələ keçirməyə yönəldib. Lakin buna baxmayaraq, ABŞ kəşfiyyatı Rusiya qüvvələrinin çıxılmaz vəziyyətdə qaldığını bildirib.

Son münaqişələrdə Ukrayna Xarkov vilayətinin şimal-şərqində yerləşən dörd yaşayış məntəqəsini geri aldığını iddia edib. Prezident Vladimir Zelenski deyib ki, Rusiya qüvvələri müharibə başlayandan bəri bombardman edilən Xarkovdan tədricən sıxışdırılıb çıxarılıb, lakin sevinmək üçün hələ tezdir. 

"Vəziyyət dəyişəcək"

Bununla belə, Putin müharibə davam etdikcə “daha sərt üsullara” əl ata bilər. İddia olunur ki, Putin nüvə silahından yalnız Rusiya üçün “ekzistensial təhlükə” hiss etdiyi halda istifadə edəcək. ABŞ-ın Müdafiə Kəşfiyyat İdarəsinin direktoru Skot Berrier ruslar və ukraynalıların “dalanda” olduqlarını vurğulayıb. Bununla belə, Berrier bəyan edib ki, Moskva “rəsmi olaraq müharibə elan edərsə və ümumi hərbi səfərbərlik elan edərsə” vəziyyət dəyişə bilər. 

Putinin əsl niyyəti nədir?

Milli Kəşfiyyatın direktoru Avril Haines ABŞ Senatının komitə iclasında deyib ki, Putin hələ də Donbassdan kənarda hədəflərə çatmaq niyyətindədir. Lakin onun ambisiyaları ilə Rusiyanın mövcud hərbi imkanları arasında uyğunsuzluq var. Haynes yaxın iki ayda Ukraynada əhəmiyyətli münaqişələrin olacağını proqnozlaşdırıb. Çünki Rusiya hərbi əməliyyatlarını canlandırmağa çalışır. Rusiyanın Donbassı ələ keçirsə belə, müharibəni bitirməyəcəyini və Kiyevdəki uğursuz gedişdən sonra diqqəti Donbassa yönəltməyin yalnız “müvəqqəti dəyişiklik” olduğunu ifadə edən Haynes, “Putin Ukraynada və bu müharibədə uzun bir müharibəyə hazırlaşır” deyib. 

“Çin Ukraynada baş verənləri diqqətlə izləyir”

Komitə iclasında Çinin Tayvanla bağlı ata biləcəyi mümkün addımlar da müzakirə olunub. Çinin Ukraynadakı müharibədə baş verənləri diqqətlə izlədiyini bildirən Amerika kəşfiyyat rəhbərləri Rusiya-Ukrayna müharibəsinin Çinin Tayvanla bağlı planlarını indidən sürətləndirəcəyini gözləmədiklərini bildiriblər. Haynes qeyd edib ki, Çin ABŞ və Avropanın Ukraynaya dəstək üçün necə bir araya gəldiyini görəndə təəccüblənib və bu, Pekinin Tayvana qarşı mümkün hərbi əməliyyatlara dair hesablamalarına təsir edə bilər. Onun sözlərinə görə, Çin hərbi əməliyyata əl atmadan Tayvanı almağa üstünlük verəcək.