Ukraynanın işğalı yeni reallıqlar yaradıb



Finlandiya NATO-ya üzv qəbul edilsə, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq

Finlandiya NATO-ya üzv olacağını rəsmən elan edib. Finlandiya tərəfsiz Skandinaviya ölkəsiydi. Ancaq Rusiyanın Ukraynaya hücumu ilə ciddi hazırlıq vəziyyətinə keçib. Rusiya isə bu iki ölkəyə NATO-ya qoşulmaması barədə xəbərdarlıq edib və ölkəni texniki hərbi cavabla hədələyib. Rusiya hərbi alyansı bir müdafiə ittifaqı olaraq görmür. Tam əksinə, onun fikrincə, təşkilat Rusiyanın təhlükəsizliyinə təhdid təşkil edir. Ekspertlərə görə, Finlandiya NATO üzvlüyü üçün tələb olunan kriteriyalardan birini, demokratik sistemə sahib olmaq şərtini ödəyir. ABŞ quru qoşunlarının Avropa bölməsinə rəhbərlik etmiş, təqaüddə olan general-leytenant Ben Hodges Finlandiyanın quruma qoşulmasının müsbət olacağı fikrindədir: “Bu ölkə hərbi vəziyyətdən çox yaxşı vəziyyətdədir. Bacarıqlı və müasir orduları var, səfərbərlik sistemi çox yüksək səviyyədədir”. Finlandiyada aparılan bir araşdırmanın nəticələrinə görə, ölkənin 62 faizi bu hərbi birliyə qoşulmağın tərəfdarıdır. Coğrafi olaraq, Finlandiyanın mövqeyi NATO-nun müdafiə sahəsində çox əhəmiyyətli bir boşluğu doldurur və Rusiya ilə ittifaqın sərhəddini iki dəfə artırır. Finlandiya Prezidenti Sauli Niinistö də vurğulayıb ki, NATO-ya üzvlük heç kimə qarşı yönəlməyib. Prezident ölkəsinin təhlükəsizlik təminatının hakimiyyətin ən vacib hədəfi olduğunu, bu istiqamətdə vaxtında və müvafiq addımlar atıldığını deyib. O, NATO-ya üzvlüklə bağlı hökumətin rəsmi təsdiqinin vaxtında və məntiqli şəkildə düşünülərək verilən qərar olduğunu deyib: “NATO-ya üzvlüklə Finlandiya öz təhlükəsizliyini maksimum dərəcədə gücləndirir. Bu, heç kimə qarşı deyil. Alyansın üzvü kimi Finlandiya təbii olaraq bütün cəmiyyətin təhlükəsizliyinə töhfə verəcək”. O diqqətə çatdırıb ki, Rusiya Finlandiyanın sərhəd qonşusudur və belə olaraq da qalacaq. Prezident əlavə edib ki, NATO-ya üzvlüklə Skandinaviya regionunda əlaqələr daha da yaxınlaşır: “Rifah, demokratiya və insan haqları ilə yanaşı, Skandinaviya modeli "təhlükəsizlik" məfhumu ilə daha da tanınacaq”. O, bunun tarixi qərar olduğunu vurğulayıb. NATO Baş katibi Yens Stoltenberq də bildirib ki, Finlandiyanın NATO-ya üzvlüyü hamar və sürətli olacaq. Onun sözlərinə görə, Finlandiyanın təşkilata üzvlüyü həm alyansı, həm də Finlandiyanı gücləndirəcək. Baş katib əlavə edib ki, yetkin demokratiyaya malik Finlandiya NATO-nun ən yaxın tərəfdaşlarından biridir, Avropa İttifaqının (Aİ) üzvüdür və Avro-Atlantik təhlükəsizliyə mühüm töhfə verən bir ölkədir. 

Politoloq Elxan Şahinoğlu bildirib ki, uzun onilliklər neytral siyasətə üstünlük verən Finlandiya Ukraynadakı işğalçı müharibə fonunda NATO-ya üzv qəbul edilsə, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq: 

“Çünki Finlandiya və İsveç keçmişdə SSRİ, sonrakı illərdə isə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün NATO-ya üzv olmurdular. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi yeni reallıqlar yaradıb. Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq və bu dövlətdən özünü qorumaq istəyənlərin sayı artıb”.