Putin NATO-nu gücləndirir - Ayyət ƏHMƏD yazır 



Əksər siyasi analitik proqnoz verirdi ki, Vladimir Putin Rusiyasının Ukraynada apardığı müharibə geosiyasi tarazlıqları şübhə altına alacaq. Eyni zamanada dünya ölkələri arasında tarixi seçimlərə zəmin yaradacaq. Şimali Avropa ölkələri - Finlandiya və İsveçin mayın 12-də Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq məqsədilə neytrallıqdan imtina edib adıçəkilən təşkilata müraciət istəyi fikirlərimizin isbatıdır. Əlbəttə, bu ölkələrin sözügedən təşkilata üzvlüyü bir il ərzində qüvvəyə minə bilər. Heç kimə sirr deyil ki, Rusiya ilə 1340 kilometr sərhədi olan suveren bir ölkə – Finlandiya bu gün öz təhlükəsizliyini öz qüvvələrinə arxalanaraq təmin etmək niyyətində deyil. Çünki  Qarabağın işğalı, (Hazırda azad olunub) Ukrayna faciəsi, Moldova  və  Gürcüstan presedentlərini nəzərə aldıqda Finlandiyaya haqq verməmək olmur. Bu mənada rəsmi Helsinkinin narahatlığı və öz təhlükəsizliyinin təminatında NATO-ya ümid etməsi anlaşılandır. 

Baxın, iki Skandinaviya ölkəsi – Finlandiya və İsveç Soyuq Müharibə (1947-1991) dövründə  NATO-ya qatılmaqdan imtina ediblər. 2022-ci ildə isə qəti şəkildə bu addımı atmaq qərarına gəliblər. İllər boyu Atlantik Alyansa qoşulmaq istəməyən ölkələrin indiki halda fundamental siyasi manevrləri ciddi mətləblərdən xəbər verir. Ukrayna faciəsindən sonra onların da Rusiyanın hədəfi olacağına dair bəzi məlumatlar dolaşırdı. Hər halda biz bunu iddia və ya xəbər kimi yazırıq, amma görünür, həmin ölkələrin beyin və kəşfiyyat bürolarında daha ciddi məlumatlar olub, var. Məhz bu səbəbdən Finlandiya və İsveçin NATO-ya üzlük məsələsinin legitimliyi şübhə altına alına bilməz. Doğrudur, qardaş Türkiyə öz daxili narahatlıqlarına istinad edərək buna dair şikayətlərini ifadə etdi. (Səbəbləri başqa bir müzakirə mövzusu olduğu üçün üstündən keçirəm) Amma Türkiyə istisna olmaqla, NATO daxilində də bu mümkün genişlənmənin təsdiqlənməsi üçün dərhal bir çox müsbət səslər qaldırıldı.

Həmçinin Böyük Britaniya da İsveç və Finlandiya ilə müdafiə sazişi imzalamağa hazır olduğunu bəyan edib. 

İsveç və Finlandiya yaxın günlərdə NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşarkən Böyük Britaniyanın Baş naziri Boris Conson mayın 11-də yay iqamətgahı olan İsveçin Harpsund şəhərinə səfər edib. iki Skandinaviya ölkəsi ilə müdafiə və müdafiə sazişi bağlamağa hazır olduqlaırnı bəyan edib. Əlbəttə, bu sazişin reallaşması  Rusiyanın reaksiyalarından narahat olan İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verir.

Bundan başqa Britaniyanın baş naziri B.Conson Helsinkiyə səfəri zamanı qeyd edib : “Əgər hər hansı bir ölkə fəlakət və ya hücum qurbanı olarsa, biz orada olacağıq və bir-birimizə kömək edəcəyik, o cümlədən hərbi yardım göstərəcəyik ». Boris Conson Britaniya hərbçilərinin göndərilməsini və hətta nüvə qarşısının alınmasına yardım edəcəyini istisna etməyib :
"Biz adətən bu mövzunu- nüvə qarşısının alınması- şərh etmirik , lakin yardım üçün öz xahişini formalaşdırmaq hər iki tərəfdaşdan asılıdır və biz bu yardım öhdəliyinə çox ciddi yanaşırıq".

Amma onu da unutmaq olmaz ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsinin aktuallaşması Ukraynadakı vəziyyətin arxa plana keçmə riskini yarada bilər. Bu mənada ki, Finlandiyanı üzv kimi qəbul etməklə, Alyans Finlandiyanın Rusiya ilə uzun quru sərhədini müdafiə planlarına inteqrasiya etməli olacaq. Xüsusən də İsveç də NATO-ya qoşularsa, bu qurum Baltik dənizindəki sistemini nəzərdən keçirməli olacaq. Rusiyanın Polşa və Litva arasında yerləşən Kalininqrad eksklavının strateji ölçüsü məsələsi yenidən müzakirə predmetinə çevrilə bilər.
 
Çünki NATO yalnız müdafiə ittifaqı olduğunu iddia etsə də,  Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə təmin edilən kollektiv müdafiə perspektivi - bir üzvə hücum hamıya qarşı yönəlmiş hücum hesab olunur. Əlbəttə, bu Kreml üçün «soyuq duş» effekti yaradan amildir. Məhz ona görə də rəsmi Moskva xüsusilə yeni namizədlərin- Finlandiya və İsveç- əhəmiyyətli hərbi imkanlarını nəzərə alaraq, dərhal “hərbi-texniki” cavab tədbirləri, o cümlədən mayın 14-dən Finlandiyaya elektrik enerjisinin tədarükünün dayandırılmasını elan etdi.

Lakin Rusiya prezidentinin bu məsələdə müqəssir axtarışına çıxması heç bir məntiqə, mənaya sığmır. Çünki bütün günah barometrinin indikatoru onun üzərində dayanır. Ukrayna müharibəsi başlamazdan öncə Fransa prezidenti Emmanuel Makrondan tutmuş amerikalı həmkarı Co Baydenə qədər Qərb rəsmiləri onunla sabit və proqnozlaşdırıla bilən münasibət əldə etməyə çalışdılar. Amma V.Putin ərköyün uşaq davranışı sərgiləyərək, bəzi hallarda bu ölkə liderlərinə açıq-aşkar saymazlıq və əzələ nümayiş etdirib. Onun Ukrayna məsələsinə görə Moskvaya səfər etmiş Fransa prezidenti E.Makronla görüşü və onu çox sayğısız formada yola salmasına dair yazıların mürəkkəbi hələ qurumayıb. 

Qoşunlarına «Ukraynaya hücum!» əmri verməklə V.Putin öz məqsədlərinə zidd olan dünyanın yeni konfiqurasiya və siyasi dizaynına  yol açmış oldu. Bununla da O, bu gün zəiflətmək istədiyi Qərb ittifaqının ən yaxşı agenti rolunu oynadı. Rusiya lideri hər ötən gün öz qazdığı quyunun dibinə doğru bir addım atır və hər addımında bir az daha dərinə enir. Onun müharibənin dayandırılmasına dair müzakirələrin «vint»lərini sıxması silahların nəhayət susdurulacağı ilə bağlı ümidləri puça çıxarır. Ki, bu da onun siyasi intiharı və kollapsı deməkdir. Bəli, diplomatiyada riskləri doğru hesablamamaq, daha doğrusu hesablaya bilməmək hərbi və diplomatik meydanda məğlubiyyətə gətirib çıxarır. Şimal qonşumuzun tarix boyu yürütdüyü "parçala və hökmranlıq et" siyasəti bu dəfə ayaq tutub yeriyə bilmədi. Əslində, Putin Rusiyasının niyyəti  Ukraynaya qoşun yeritməklə rəsmi Kiyevin NATO-ya üzvlüyünün qarşısını almaq, digər ölkələri analoji addımlar atmaqdan çəkindirmək və NATO-nun genişlənməsini önləmək idi.  Amma hədəf fiasko ilə nəticələndi. Hətta bu təşkilata üzvlük haqqında düşünməyən dövlətlər belə həmin bu təşkilata qatılmaq marağı və istəyinə düşdülər. Bir sözlə, V.Putinin məlum inadkarlığı NATO-nu gücləndirir.