Taxıl böhranı Kremlin xeyrinədir

Rusiya həm qiymət artımına, həm də digər dövlətləri özündən asılı hala salmağa çalışır

Pandemiya və Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi nəticəsində dünyada demək olar ki, hər sahədə, xüsusilə də iqtisadi sahədə ciddi problemlər yaranıb. Dünya bir tərəfdən müharibələrdən, eyni zamanda onun yaratdığı qaçqın axını və miqrasiya problemlərindən, digər yandan ərzaq böhranından əziyyət çəkir. Dünyada iki taxıl istehsalçısı kimi qəbul edilən Rusiya və Ukrayna arasında baş verən müharibə nəticəsində Ukraynada taxıl istahsalı məsələsi xeyli dərəcədə azaldığı üçün 2022-ci il üçün ixrac məsələsi real görünmür. Ukraynadan fərqli olaraq isə Rusiya taxılın ixracı məsələsinə maraq göstərmədiyi və buna görə də taxıl 2022-ci ilin avqust ayına qədər xaricə taxıl satışına qadağa qoyub. Bəzi ekspertlərin fikrincə, Rusiyanın taxılla bağlı atdığı addımı dünyada ərzaq böhranı yaratmaq üçün addım kimi dəyərləndirir. Bu isə o deməkdir ki, Rusiya dünya ərzaq məsələsində həlledici rola malikdir. 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Şərq”ə deyib ki, Rusiya taxıl istehsalına görə dünyada 3-cü yerdə qərarlaşıb, Urayna isə 8-ci yerdə qərarlaşıb. Ekspertə görə, bu, o deməkdir ki, iki ölkə dünya taxıl istehsalının təqribən 12-14 faizini təmin edir: 

“O zaman sual yaranır, Rusiya Ukraynadakı müharibə və taxıl ixracına qoyduğu qadağa ilə nələrə nail olmaq istəyir? Əlbəttə, enerji məsələsində olduğu kimi ərzaq məsələsində də Rusiya böhran yaratmaqla həm qiymət artımına, həm də digər dövlətləri özündən asılı hala salmağa çalışır. Aydın məsələdir ki, baş verənlər nəticəsində dünyada taxılın qiyməti 40-45 faiz artıb. Bu prosesə Hindistanda havanın quraq keçməsi, Qazaxıstanın satışa qoyduğu qadağa da təsir göstərib. Əgər yaxın vaxtlarda vəziyyət stabilləşməzsə və Rusiya taxıl satışına qoyduğu qadağanı aradan qaldırmasa, bu, süni qiymət artımını artıra bilər. Nəzərə alsaq ki, Rusiyanın illik taxıl satışı 50 milyon tondan artıqdır və qiymət artımı Rusiyaya milyardlarla dollar pul gətirəcək, o zaman məqsədin nədən ibarət olduğu məlum olur.

Son verilən məlumatlara əsasən Çin Rusiya və Ukraynadan taxıl idxal edilməsi ilə bağlı "yaşıl dəhliz" məsələsini təklif edib. Əlbəttə ki, Çinin əsas məqsədi bununla ərzaq təminatını təmin etməkdir”.