ABŞ Ukraynaya qabaqcıl raket sistemləri göndərəcək

ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəlib.
“Sherg.az” HaberGlobal-a istinadən xəbər verir  ki, Co Bayden bu barədə “New York Times” qəzetinə yazdığı “Amerikanın Ukraynada etdiyi və etməyəcəyi şeylər” adlı məqaləsində bildirib. Digər ölkələrin Ukraynaya həm hərbi, həm humanitar, həm də maliyyə dəstəyi verdiyini qeyd edən Bayden ABŞ-ın bu müharibə ilə bağlı mövqeyini açıqlayıb:

“ABŞ-ın məqsədi bəllidir: biz demokratik, müstəqil, suveren,firavan və  özünün gələcək təhdidlərdən qoruya bilən Ukrayna istəyirik. Ukrayna prezidenti Volodimir Zelenskinin dediyi kimi, bu müharibənin sonunda demokratiya qalib gələcək. Bu səbəbdən Ukraynaya cəbhədə daha dəqiq hədəfləri vura biləcək inkişaf etmiş raket sistemləri və sursatlar verməyə qərar verdim”.

Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden, ABŞ-ın Ukraynaya Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemləri, PUA və Mi-17 kimi qabaqcıl silahları göndərməyə davam edəcəyini qeyd edib. Bayden bəyan edib ki, ABŞ ərzaq böhranının pisləşməsinin qarşısını almaq üçün tərəfdaşları ilə birlikdə çalışacaq, digər tərəfdən də Avropanın yanacaqlara görə Rusiyadan asılılığını azaltmağa cəhd edəcək.

NATO-nun şərq cinahını gücləndirməyə davam edəcəklərini bildirən Bayden, Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətini də alqışladığını deyib. Bayden qeyd edib ki, bu addım bütün ABŞ və trans-Atlantik ölkələrin təhlükəsizliyini daha da artıracaq. 

ABŞ xalqının bundan sonra da Ukrayna xalqının yanında olacağını bildirən Bayden Putinin belə birliyi gözləmədiyini və yanıldığına diqqət çəkib.