Müharibə olmayacaq

NATO iki üzvü arasında seçim edə bilməz 

"Nəticə etibarilə Avropanın “ərköyün uşağı” sayılan Yunanıstanın Qərbə arxalanması nəticəsiz qalacaq"

Yunanıstan ilə Türkiyə arasında yaşanan gərginlik artmaqdadır. Afina Aralıq dənizinin şərqində Türkiyənin bölgədəki mümkün araşdırmalarına mane olmaq üçün əlindən gələni edir. Yunanıstanın bölgədə təlimlərə başlayacağı bildirilir. Rəsmi Ankara isə Yunanıstana ardıcıl xəbərdarlıq edir, gərginliyi artırmaqdan çəkindirməyə səsləyir. Yunanıstan isə sərt ritorikasından geri çəkilmir. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə deyib ki, iki ölkə arasında gərginlik vaxtaşırı baş verir. Analitikin sözlərinə görə, gərginliklər bəzən iki ölkəni real müharibə vəziyyətinə gətirsə də, indiyədək lokal müharibənin şahidi olmamışıq: “Yunanıstan və Türkiyə arasındakı mövcud gərginliyin müharibə sferasına keçəcəyini  düşünmürəm. Hər iki ölkə NATO-ya üzvdür. Alyans daxilində ehtimal bir müharibə hərbi bloku gücdən sala bilər. Mövcud Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda belə bir müharibənin olması inandırıcı deyil.

 Yunanıstan və Türkiyə arasında hərbi iqtisadi-siyasi güc balansına baxdıqda rəsmi Afinanın açıqca Ankaradan geridə qaldığını görmək mümkündür. Türk ordusu hazırda istər NATO-nun, istərsə də dünyanın ən qüdrətli ordularından hesab olunur. Türkiyə ordusu eyni zamanda xalqı uzun illər davam edəcək bir müharibəyə hazır olsa da rəsmi Afina buna hazır deyil. Bununla belə rəsmi Afinanın indiki məqamda Ankaranın səbri ilə oynaması da səbəbsiz deyil. Yunanıstan Rusiya-Ukrayna müharibəsində Qərbin Ukraynaya verdiyi yardımları görür və Qərbin köməyi ilə Egeydə qüvvələr balansını öz xeyrinə dəyişməyə çalışır.

 Lakin bu, boş və mənasız yanaşmadır. Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edərək açıq şəkildə beynəlxalq hüququ pozur. 

Qərb də məhz buna görə Ukraynaya Rusiya qarşısında müqavimət göstərmək üçün yardım edir. Ehtimal Yunanıstan-Türkiyə müharibəsində Qərbin Ukraynada olduğu kimi, Afinaya yardım etməsi real deyil. NATO iki üzvü arasında seçim edə bilməz. Nəticə etibarilə Avropanın “ərköyün uşağı” sayılan Yunanıstanın Qərbə arxalanması nəticəsiz qalacaq.

Türkiyə isə Afinanın bu və ya başqa formada nazı ilə oynamaq fikrində deyil. Tərəflər arasında real müharibə olmasa da, Ankara “Kardak” adası böhranında olduğu kimi, Afinaya qərarlı mövqeyini nümayiş etdirəcək”.