İran Azərbaycana qarşı təhlükəli oyuna girişib

Bakıya qarşı din adı ilə müəyyən fəaliyyətlərin və təbliğatın genişlənəcəyi də istisna olunmur

     “Cənubdan Azərbaycana qarşı “soyuq küləklər” yenidən əsməyə başlayıb”. Bu sözləri siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında deyib. Analitik bildirib ki, bir qrup qadın Azərbaycanda islam müqəddəslərinin təhqir edildiyi iddiası ilə yürüş keçirib. Həmçinin, iranlı tələbələr də Tehranda Azərbaycan səfirliyinin önündə aksiya təşkil ediblər: “Aksiyaların İran Milli Televiziyasına bağlı “Parstoday” tərəfindən tirajlanması göstərir ki, hər iki hadisənin İran tərəfindən idarə olunduğu aydın görünür.

Tehranda səfirliyimizin önündə keçirilən aksiyada diqqətçəkən məqamlardan biri də rəsmi Bakıya “tövsiyə”lərin verilməsidir. ABŞ və İsrail bayrağını yandıran iranlı tələbələr tələb edirlər ki, Azərbaycan İsrail dövləti ilə münasibətləri yenidən nəzərdən keçirsin. Molla rejimi bu aksiya ilə Bakıya qarşı “klassik planı”nı yenidən işə salır. Azərbaycanın anti-islam imicini formalaşdırmaq, inanclı kəsimi siyasi məqsədləri ətrafında cəmləşdirmək istəyirlər. Bakı-İrəvan xəttində sülh danışıqlarının müzakirə edildiyi və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası istiqamətində ilk praktiki addımın atılması fonunda Ermənistan sərhədini “qırmızı xətti” elan edən İranın hücuma keçməsi təsadüfi deyil. Bakıya qarşı din adı ilə müəyyən fəaliyyətlərin və təbliğatın genişlənəcəyi də istisna olunmur. Təhlükəli prosesdir, çünki İran Azərbaycanda “şəriət rejimi” qurmaq planlarını prioritet olaraq saxlayır və buna fürsətin yaranmasını gözləyir”.