Ankara Suriya məsələsində qətiyyətlidir

Türkiyə keçirəcəyi antiterror əməliyyatları üçün Astana prosesi çərçivəsində Rusiya və İrandan siyasi dəstək gözləyir

"Rusiya Türkiyə ilə bir yerə qədər razı olacaq və sonrakı proseslər üçün mütləq yeni təmaslar baş tutacaq. İranın isə Türkiyəyə dəstəyi formal xarakter daşıyacaq"

  İyulun 19-u Tehranda keçirilən sammitdə İran, Rusiya və Türkiyə prezidentləri əsasən Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər. Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolu vurğulanıb. Prezidentlər Suriyanın suverenliyini və ərazi bütövlüyünü zəiflətməyə yönəlmiş separatçılara qarşı mübarizədə əzmkar olacaqlarını vurğulayıblar. Toplantıda dövlət başçıları beynəlxalq və regional hadisələri də nəzərdən keçiriblər. Liderlər terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildiriblər. Sammitin sonunda yayımlanan bəyanatda qeyd olunub ki, 3 ölkə humanitar vəziyyətin normallaşması üçün daha çox səy göstərməyə razılaşıblar. 

İran, Rusiya və Türkiyə prezidentləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bütün birtərəfli sanksiyalardan dərin narahatlıqlarını ifadə ediblər. Birgə siyasi və iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif sahələrdə üçtərəfli koordinasiyanı gücləndirmək əzmində olduqlarını açıqlayıblar. Sammit çərçivəsində Tehranda liderlər arasında ikitərəfli görüşlər də baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbəri Vladimir Putinlə görüşü zamanı Qarabağı müzakirə edib. Putin vurğulayıb ki, Suriya nizamlanması ilə bağlı çoxlu suallar var, amma perspektivli böyük ikitərəfli layihələr irəliləyir və inkişaf edir: “Digər mühüm məsələ bizim baxış sahəmizlə bağlıdır - Qarabağ probleminin həlli…”. 

Bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırladan Putin dövlət başçısı İlham Əliyevdən Ərdoğana böyük salamlar gətirdiyini deyib:

“Bizim çox böyük gündəmimiz var”. Putin qeyd edib ki, heç nəyə baxmayaraq, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi artır və çox əhəmiyyətli templə inkişaf edir. Rusiya mətbuatı yazıb ki, Putin milli valyutalarda hesablaşmalar, yeni layihələr, neftin qiyməti və Qərb sanksiyaları haqqında İran və Türkiyə liderləri ilə müzakirələr aparıb. Tərəflər bir sıra mühüm iqtisadi açıqlamalar veriblər. Rusiya-İran arasında ticarətin milli valyutalarla aparılmasının həcminin artırılmasına qərar verilib. İran Prezidenti İbrahim Rəisi də deyib ki, tərəflər ABŞ-ın Suriyanı tərk etməsi barədə razılığa gəliblər. Onun sözlərinə görə, tərəflər Suriya xalqına humanitar yardım göstərməyə davam edəcək: “Region ölkələri və beynəlxalq ictimaiyyət suriyalı qaçqınların öz ölkələrinə qayıtmasına kömək etməlidir”. Bu arada İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Tehranda “3+3” formatında ikinci görüşdə müzakirə ediləcək məsələlər dəqiqləşdirilib. O, “3+3” əməkdaşlıq formatının əhəmiyyətindən də danışıb. Əlavə edib ki, əməkdaşlıq formatının ikinci iclasının Tehranda keçirilməsinə dair siyasi razılıq əldə olunub: “Bu format çərçivəsində keçiriləcək iclasda müzakirə ediləcək məsələlər dəqiqləşdirilir və proses üçün zamana ehtiyac var”. 

  Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, sammit Suriyadakı nüfuz dairəsinin yenidən şəkilləndirilməsindən ötrü üç dövlətin vahid qərara gəlməsinə hesablanmışdı. Analitikə görə, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməkdə israrlı və qətiyyətli olmasını bu sitatla bəyan etdi:

“Ərdoğan dedi ki, “milli təhlükəsizliyimizi təhdid edən şər yuvalarını Suriyadan söküb atmaqda qərarlıyıq”. Türkiyə keçirəcəyi antiterror əməliyyatları üçün Astana prosesi çərçivəsində Rusiya və İrandan siyasi dəstək gözləyir. Moskva ilə Tehranın Ankaraya baxış bucağındakı nisbət bir-birindən fərqlənir. Türkiyə ilə Rusiyanın Suriyaya dair açıq-gizli müştərək maraqları mövcuddur. Bunu Ankara-Tehran kontekstində isə səsləndirmək olmur. Ərdoğanın İranın ali dini lideri Seyid Əli Xamenei ilə keçirdiyi görüşdə ikincinin Suriyada antiterror əməliyyatı mövzusunda keçirdiyi narahatlığı dediyimizin bariz nümunəsi hesab etmək olar. Tehran Suriyada Türkiyənin qüvvələr nisbətində üst mövqeyə çıxmasına qarşıdır. Ankaranın təhlükəsizlik yastığı yaratmaq cəhdlərini Suriyanın ərazi bütövlüyünün pozulması kimi interpretasiya edir. Türkiyənin Suriya üzrə cari hədəfləri Tel-Rıfat və Münbiçin PKK-dan təmizlənməsi və Türkiyə-Rusiya razılaşmasının nəticəsi olan İdlibdəki atəşkəsin davam etdirilməsinə nail olmaqdır. Rusiya Prezidenti Vladimir Putin Suriyada əməkdaşlığın vacib kilid nöqtələrinin müzakirə edildiyini bildirməklə aşağıdakı mesajı vermiş oldu. Hər üç ölkənin Suriyadakı qırmızı xətlərini tapdalamamaq şərtilə hərbi hərəkətlilik başadüşüləndir. Bunu sammitin nəticəsi olaraq qəbul edilən ortaq bəyanatın mətnində də duymaq mümkündür. Sənədə əsasən, hər üç dövlət Suriyada dönüş nöqtəsi yaradılmasından ötrü prinsipial mövqedə dayanırlar. Hərçənd, cənab Putin problemlərin siyasi və diplomatik yolla həllində üç ölkənin həmfikir olduğunu söylədi. Amma bu, adi diplomatik etiket qaydasıdır və sonrakı hərbi-siyasi aktivliyə təkan verəcək tezisin məzmunundan başqa bir şey deyil”. 
  Ekspertin fikrincə, İran, Türkiyə və Rusiya Suriyada digər güclərin geopolitik maraqlarının eqoist tərzdə təzahürlərinə qarşı səylərini birləşdirir: “Lakin yerdə qalan mövzularda rəqabət şəraitində fəaliyyət göstərirlər. İran Prezidenti İbrahim Rəisi də eyni mövqeni ifadə etdi. Bir daha Suriyanın suverenliyi məsələsini önə çəkdi və bununla Ərdoğana mesajını çatdırdı. Yuxarıda Tehran, Ankara və Moskvanın Suriyada Qərbi sıxışdırmaq cəhdlərinə toxundu. Mövzu üzrə əlavə şərhə ehtiyac olduğundan bəzi məqamları qeyd etmək yerinə düşər. Tehranda keçirilən zirvə görüşündə İran-Türkiyə-Rusiya üçbucağı vahid bir nöqtəyə çəkic vurdu. Hər üç prezident Fərat çayının Şərq sahilindəki terror qruplaşmalarının fəaliyyətindən narahatlıqlarını dilə gətirdi. Bununla da Fərat çayının işarə edilən zonasında ABŞ-ın həmin qruplaşmalara dəstək verdiklərini dilə gətirir. Perspektiv üçün Ağ Evin həmin bölgədəki maraqlarını zəiflətmək planlarını işləyirlər. Fəratın Şərq sahili deyərkən, çayın Suriya torpaqlarına girdiyi Karkamışdan, İraq sərhədinə bitişik olan Cizrəyə qədərki zolağın cənubu nəzərdə tutulur. Bu, uzun bir zolaqdır, ABŞ qüvvələri ilə paralel olaraq PKK-nın nəzarətində olan zonadır. 
  Məsələ o qədər də sadə deyil, həmin bölgə üzrə Türkiyə, Rusiya və İranın da maraqlarını eyni müstəvidə inkişaf etdirməsi çətindir”.

A.Kərimov qeyd edib ki, Türkiyə Suriyanın şimalında gizli şəkildə həyata keçirdiyi kəşfiyyat əməliyyatlarını açıq hərbi hərəkətlilik səviyyəsində nümayiş etdirəcək: 

“Rusiya Türkiyə ilə bir yerə qədər razı olacaq və sonrakı proseslər üçün mütləq yeni təmaslar baş tutacaq. İranın isə Türkiyəyə dəstəyi formal xarakter daşıyacaq. ABŞ-ın bölgədən sıxışdırılması baş tutmayacaq”.