Rusiya “Bayraktar”a sahib ola bilər

Ancaq ondan effektiv istifadə edə bilməyəcək

  “Rusiya Prezidenti V.Putinin türkiyəli həmkarı R.T.Ərdoğanın “Bayraktar” PUA-ların birgə istehsalı ilə bağlı müraciətinə müsbət yanaşacağını ehtimal etmək olar”. Bu barədə “Şərq”ə politoloq Azər Qasımov deyib. Lakin analitik bildirib ki, razılaşma və birgə istehsal baş tutsa belə “Bayraktar”ların rus ordusunun yenidən dirçəlməsinə səbəb olma ehtimalı çox aşağıdır: “Əvvəla “Bayraktar”ların effektli işləməsinin əsas səbəbi digər elektronik sistem olan “Koral” və yeni modifikasiyalarla birlikdə işləməsidir. Digər tərəfdən “Bayraktar” sisteminin proqram yazılımı ordunun ümumi sisteminə uyğunlaşdırılmalıdır. PUA-ların əsas üstünlüyü bu amilə bağlıdır. 

Ən nəhayət, artıq “Bayraktar”dan daha müasir və yeni sistemlərin mövcudluğudur. Belə nəticəyə gəlmək olar ki, Rusiya bu silaha sahib olsa da, ondan effektiv istifadə edə bilməyəcək. Əksinə, Türkiyə Rusiyanın silah sistemlərinin sirlərini ələ keçirə bilər. Çünki ən azı Rusiyanın hava hücumundan müdafiə sistemləri “Bayraktar”ı özününkü hesab etməlidir ki, döyüşdə onu vurmasın. Bu da əsas faktordur. Digər yandan “Bayraktar” istehsalında bir çox Qərb ölkəsinin hərb sənayesi məhsulundan istifadə edilir. Məsələn, optik sistem Kanadadan alınır. Rusiyaya tətbiq edilən sanksiyalar bu avadanlıqlardan istifadəni qadağan edəcək. Son dönəm Türkiyə özü bu optik sistemi istehsal etsə də, digər elektronik sistemlərdən qadağa bu sövdələşməni mümkünsüz edəcək”.