İlk taxıl gəmisi Somaliyə göndərildi

Türkiyə ümid edir ki, razılaşma atəşkəsə və davamlı sülhə gətirib çıxaracaq

Ekspert: "İnanmıram ki, Rusiya Ukraynaya 30 milyon ton taxılın hamısının ölkədən çıxarılmasına, daşınmasına şərait yaradacaq. Bir müddət sonra problem yaradacaq. Onu əsas gətirəcək ki, guya, taxıldan əldə olunan gəlir silah-sursatın alınmasına sərf olunur"

  Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanını tərk edib. Bu barədə Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov “Twitter”də bildirib. O deyib ki, bütün tərəfdaş ölkələrin və BMT-nin dəstəyi sayəsində İstanbulda imzalanmış Saziş tam şəkildə həyata keçirilib: “Qlobal qida təhlükəsizliyinin təminatçılarından biri olmaq bizim üçün vacibdir”. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, taxıl daşınması ilə bağlı üzərimizə düşəni edəcəyik. O, prosesin fasiləsiz və problemsiz davam etməsini arzu etdiyini bildirib:

“Ümid edirik ki, razılaşma atəşkəsə və davamlı sülhə gətirib çıxaracaq”. Məlumata görə, ilk taxıl yükü 16 gəmi konvoyla yola düşəcək. Gəmilərin ilk dayanacağı İstanbul olacaq. Gəmilər yola çıxdıqları andan etibarən PUA və peyklər tərəfindən izləniləcək. Boş və taxıl olmayan gəmilərin limanlardan çıxmasına icazə verilməyəcək. İlk taxıl gəmisinin aclıqla üz-üzə qalan Somaliyə göndərildiyi bildirilib. Ukrayna limanlarından gələn ilk gəminin avqustun 3-də Türkiyənin ərazi sularında olacağı gözlənilir. 
  “Taxıl anlaşması”nın icra olunması prosesini “Şərq”ə dəyərləndirən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov deyib ki, razılaşma BMT və Türkiyənin nüfuz dairəsində həyata keçirilir. Ekspertə görə, anlaşmanın digər tərəfi Rusiyadır: 

“Nəzərə almaq lazımdır ki, Rusiya sözünün üstündə duran, yaxud verdiyi sözə uzun müddət sadiq qalan ölkə deyil. Moskva müəyyən zaman sonra, hansısa mərhələdə öz imzasından imtina edə bilər. Bunu Suriyada, Liviyada, Yaxın Şərqdə, o cümlədən Qarabağda görmüşük. 

Ruslar razılaşmaya tam şəkildə riayət etmirlər. Ukraynanın əlində olan taxıl təqribən 30 milyon tona qədərdir. Bu da hissə-hissə daşınacaq. Dünyada hazırda taxıla olan ehtiyac isə 250 milyon tondur. Xeyli ölkə, o cümlədən Afrika dövlətləri, Latın Amerikası ölkələri Rusiyadan taxıl gözləyirlər.

 Yəni Ukraynadan dünya bazarına çıxarılan taxıl dünya ehtiyacının çox az hissəsini ödəmək iqtidarındadır. Ancaq inanmıram ki, Rusiya Ukraynaya 30 milyon ton taxılın hamısının ölkədən çıxarılmasına, daşınmasına şərait yaradacaq. Bir müddət sonra problem yaradacaq. 

Onu əsas gətirəcək ki, guya, taxıldan əldə olunan gəlir silah-sursatın alınmasına sərf olunur və Rusiyaya qarşı istifadə olunur. İqtisadi anlaşmanın qarşıdakı dönəmdə müharibə ilə bağlı hansısa razılaşmaya imkan yaradacağına da ehtimal vermirəm. Bu razılaşma sadəcə taxılın daşınmasını nəzərdə tutur”.