Rusiyada səfərbərlik ölkədə xaos yaradıb



Savaşa getmək istəməyənlər ölkədən çıxmaq qərarına gəliblər

Cümşüd Nuriyev: "Putinin qərarı Rusiyanın hərbi doktrinasına, həm də mövcud qanunvericiliyinə ziddir. Kreml rəhbəri Ukraynadakı savaşı israrla "xüsusi əməliyyatlar" adlandırsa da, bu, müharibədir"

  Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsələr də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb. Məhz bu səbəbdən də, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb olublar. Rusiya-Finlandiya sərhədində də analoji vəziyyət hökm sürüb. Qərara etiraz olaraq küçələrə çıxanlarla polislər arasında qarşıdurma yaşanıb.

Paytaxt Moskva ilə yanaşı, Sankt-Peterburq, Yekaterinburq, Tver kimi şəhərlərdə də etirazlar təşkil olunub. Etirazçılar “Müharibəyə Yox!” şüarı səsləndirirlər.   Təhlükəsizlik qüvvələri mitinqlərdəki fəalları həbs edərək, aksiyaları dağıtmaq məqsədilə iştirakçılara qarşı zorakı üsullar tətbiq edirlər. Səfərbərliyə qarşı keçirilən aksiyaya görə 1026-dan çox adam saxlanılıb. Məlumat üçün qeyd edək ki, ötən gün Rusiya rəhbəri xalqa müraciət edib və ölkədə qismən səfərbərlik elan olunduğunu bildirib. Müdafiə naziri Sergey Şoyqu deyib ki, ehtiyatda olan 300 min hərbçi orduya çağırılacaq. Bundan başqa, Putin nüvə silahından istifadə edə biləcəklərini istisna etməyib. Başqa bir məqam isə Rusiyanın işğalı altında olan Luqansk, Donetsk, Zaporejye vilayətlərində "referendum" keçirilməsi ilə bağlı qərardır.   Ekspertlərə görə, hər üç məsələ kifayət qədər ciddidir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, faktiki olaraq NATO ilə qarşıdurma yarandığı üçün qismən səfərbərlik qərarı elan olunub: "De-fakto Rusiya NATO-ya qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub”. Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı xüsusi əməliyyatın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.   Peskov onu da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır. Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib. Yakutiyanın hərbi komissarı Aleksandr Avdonin bildirib ki, Rusiyada səfərbərliklə orduya çağırılanlar 3300 dollardan çox maaş alacaq. O deyib ki, səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə üzrə hərbi qulluqçulara bərabər tutulur. 

  Ayrı-ayrı dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatların başçıları Putinin sözügedən bəyanatlarına artıq münasibət bildiriblər. Ümumi fikir belədir ki, Putin məğlubiyyətini etiraf etməyə başlayıb. Məsələ ondadır ki, İkinci Dünya müharibəsindən bəri Rusiyada səfərbərlik elan edilməyib. 

Üzərindən təxminən 80 il keçdikdən sonra yenidən oxşar addım atılırsa, deməli, doğrudan da, Rusiya ordusunda şəxsi heyət çatışmazlığı var. Hərbi ekspertlərin fikrincə, 300 min hərbçinin orduya çağırılması bu rəqəmin ən azı yarısı qədər, yəni 150 min hərbçinin məhv edildiyi anlamına gəlir. ABŞ dövlət katibi Entoni Blinken də deyib ki, Putinin Rusiyada qismən səfərbərlik elan etməsi rus qoşunlarının Ukraynadakı müharibədə mövqeyinin zəifliyindən xəbər verir: "Putin öz zəifliyini nümayiş etdirdiyi kimi, ölkəsinin və qoşunlarının da zəifliyini nümayiş etdirdi. Ukraynada Rusiya hərbi qüvvələrini artırmaq çağırışı Rusiyanın döyüş meydanında apardığı mübarizəni və Prezident Putinin güc deyil, zəiflik mövqeyindən fəaliyyət göstərdiyini əks etdirir”. 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, Putinin qismən səfərbərlik elan etməsi həm Rusiyanın hərbi doktrinasına, həm də mövcud qanunvericiliyinə ziddir. Professor bildirib ki, Kreml rəhbəri Ukraynadakı savaşı israrla "xüsusi əməliyyatlar" adlandırsa da, bu, müharibədir:

 "Rusiya qismən səfərbərlik elan etməklə Ukraynada apardığı müharibəni rəsmən etiraf etdi. Savaşa getmək istəməyən ruslar ölkədən çıxmaq qərarına gəliblər. Daha doğrusu, artıq ölkəni tərk edirlər. Rusiya sərhədlərində növbələr var və ruslar kütləvi şəkildə qaçmağı planlaşdırırlar. Yayılan videolardan aydın olur ki, hökumət orqanları müxtəlif üsullarla ölkədən çıxmaq istəyən insanların gedişinə mane olmağa çalışır. Amma buna nail olmaq çox çətindir, çünki Rusiyada kütləvi aksiyalar başlayıb. 

  Qərb də sanksiyalarla Rusiyanı daha da aqressivləşdirir. Putin səhv hərəkət etdiyinin fərqindədir. Rusiya bataqlıqdadır, yavaş-yavaş batır və buradan çıxmaq ehtimalı çox azdır. Səfərbərlik elanı da anlaşılmazdır. Hökumət qərar verib ki, ancaq 18-30 yaş aralığı insanlar səfərbərliyə cəlb olunsun. Amma 50 yaşa kimi zabitləri də məcburi orduya çağırırlar".
  C.Nuriyevin sözlərinə görə, Rusiyanın başqa bir dövlətin ərazisində "referendum" keçirməsinin heç bir əsası yoxdur: "Heç Krımda keçirilən "referendum"un belə hüquqi əsası yoxdur. Əslində bu cür qanunsuz "referendumların" nəticələri də saxtadır. Çünki Rusiya səs verənlərin deyil, səsləri sayan kəşfiyyat orqanlarının bəyanını əsas götürür. Rusiya 7 ay ərzində sanksiyalara bir qədər alışdığı üçün çöküşünün bir qədər gec olacağı qənaətindəyəm. Buna baxmayaraq, Rusiya çox ciddi problemlərlə üz-üzədir və siyasi-iqtisadi vəziyyət ağırlaşmaqda davam edir".