Bayden Ərdoğanın təklifini dəstəkləyir


BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalıdır

İdeyanı dəstəkləyən liderlər çox olsa da, bunun reallaşması xeyli müşküldür

  BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması məsələsini ən çox qaldıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Məhz Türkiyə lideri imkan düşdükcə Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq “dünya 5-dən böyükdür” ifadəsini işlədir. Ərdoğan BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını zəruri hesab edir. ABŞ Prezidenti Cozef Bayden də BMT Baş Assambleyasında son çıxışı zamanı Ərdoğanın fikrini təkrarlayıb: “BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır”. Baydenin fikrincə, BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasına ehtiyac var. ABŞ prezidenti Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri sayıb. 

  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ağ Ev sahibi BMT Təhlükəsizlik Şurasının üzvlərinin fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməli olduğunu bildirib. Analitikə görə, Bayden bunu ona görə deyib ki, Qərb ölkələrinin bütün təkliflərini adətən Rusiya və bir sıra hallarda Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək reallaşmasına imkan vermirlər:

 "Bayden BMT Təhlükəsizlik Şurasının “etimada layiq və səmərəli fəaliyyət göstərən” bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib. ABŞ prezidenti bu cümləsiylə etiraf edib ki, BMT-nin həm etimadı, həm də səmərəli fəaliyyəti şübhə altındadır. Amerika və Türkiyə ilə yanaşı Yaponiya, Hindistan, Afrika və Latın Amerikası ölkələri də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləyirlər. 

Türkiyə, Yaponiya və Hindistan Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdırlar. Afrikanın və Latın Amerikasının aparıcı ölkələri – Misir, Cənubi Afrika Respublikası və Braziliya kimi ölkələr də haqlı olaraq Təhlükəsizlik Şurasının üzvü olmaq istəyirlər".

  E.Şahinoğlu düşünür ki, Bayden və Ərdoğan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləsələr də, bunun reallaşması problematikdir:

 "Məsələn, Türkiyənin Təhlükəsizlik Şurasına üzvlüyünü Fransa, Hindistanın üzvlüyünü isə Çin əngəlləyəcək. Rusiyanın özü də Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasının tərəfdarı deyil. 
Çünki Kreml Təhlükəsizlik Şurasında ABŞ-ın dostlarının və tərəfdaşlarının sayının artırılmasını istəmir".