“Qərb Rusiyanı Ukraynada dayandırmağa məcburdur, yoxsa...” 

“Müəyyən zaman kəsiyindən sonra öz qapılarında da rus təhlükəsini hiss edəcəklər”

“Bu da şübhəsiz ki, onların milli varlığını sual altında qoyacaq və dünyəvi maraqlarını sarsıdacaq”  



“G-7″yə daxil olan dövlətlər Ukraynanın işğal olunan ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən “referendum”u tanımadığını bəyan ediblər. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiya çərçivəsində “G-7″liyə daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünün yekununa dair açıqlamasında bildirib : “ Rusiyanın hərbi mövcudluğu, hədə-qorxu və məcburi  deportasiya  şəraitində keçirilən istənilən “referendum” azad və ədalətli ola bilməz”. Qeyd edək ki, sentyabrın 23-dən işğal altında olan Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinə dair “referendum” başlayıb və sentyabrın 27-dək davam edəcək.

Hərbi-siyasi ekspert Həşim Səhrablı  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Rusiyanın Ukraynada başlatdığı işğalın ilk günündən “G-7"nin mövqeyi bəllidir:  

“Bunu İngiltərə və Amerika kimi ölkələrin Ukraynaya texniki, maddi yardımlar etməsindən də görə bilirik. Almaniya və Fransa kimi ikinci dərəcəli ölkələr Ukraynaya ABŞ, İngiltərə qədər olmasa da, müəyyən qədər yardım ediblər. Bunu bəyan etməkdən də çəkinmirlər. Yalnız "G-7" deyil , Avropa Birliyi ölkələri də yekdilliklə qərar veriblər ki, bütün hallarda Ukraynanı dəstəkləməyə davam edəcək, Rusiyanın təcavüzkar siyasətinin daha geniş vüsət almasına imkan verməyəcəklər.  

İngiltərə və ABŞ-nin hegemon olduğu “Qərb bloku” həm "G-7", həm də Aİ səviyyəsində Ukraynanın işğal olunmaması üçün dirənilər. Burda onların əsas məqsədi Ukrayna və onun xalqını qorumaq deyil. 

Həm "G-7" , həm də Aİ ölkələrinin gələcəyi hazırkı prosesdən asılıdır. Çünki onlar bilirlər ki, Rusiya heç bir maneə olmadan Ukraynadakı işğalını tamamlayarsa, bundan sonra onu durdurmaq olmayacaq. Belə olduqda rəsmi Moskvanın iddiaları daha da artacaq. O, dünya siyasətində yeganə söz sahibi olmaq istəyəcək. 

Artıq heç bir iqtisadi sanksiya onun üçün əhəmiyyətli olmayacaq. Bütün bunları hesablayan Qərb ölkələri Rusiyanı Ukraynada dayandırmağa məcburdurlar. Ya bunu bacaracaqlar, ya da müəyyən zaman kəsiyindən sonra öz qapılarında da rus təhlükəsini hiss edəcəklər. Bu da şübhəsiz ki, onların milli varlığını sual altında qoyacaq və dünyəvi maraqlarını sarsıdacaq”.