Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı?

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi bu ölkənin vətəndaşlarının digər ölkələrə, o cümlədən Azərbaycana axın etməsinə səbəb olub.
Bəs bu cür vəziyyət Azərbaycan iqtisadiyyatına, daha dəqiq desək turizmə necə təsir edəcək?
Rusiyadan Azərbaycana qaçanları turist saymaq olarmı? 
“Report” bu məsələ ilə bağlı “Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanovla həmsöhbət olub.

Onun sözlərinə görə, səfərbərlikdən yayınmaq üçün Azərbaycana gələn rusiyalıları turist hesab etmək düzgün olmaz.
“Azərbaycan koronavirus (COVID-19) pandemiyasının fəsadlarının minimuma endirildiyi dövrü yaşayır. Məhz bunun nəticəsidir ki, əvvəlki illərə nisbətən ölkəmizdə turistlərin sayı artmaqdadır. Yay fəslində də gördük ki, pandemiya şəraiti olmasına baxmayaraq, gəlmə turizmi gözləniləndən daha artıq inkişaf edib.
Regionda və dünyada gedən geosiyasi vəziyyəti nəzərə alsaq görərik ki, Rusiya və bir sıra ölkələrdən Azərbaycana insan axını var. Amma ümumilikdə götürəndə biz bunu turistik baxımdan dəyərləndirə bilmirik. Çünki bu ölkədən gələn vətəndaşlar daha çox miqrasiya xarakterli səfərlər edirlər. Yəni mövcud olan qeyri-stabil vəziyyətə görə, ölkədən çıxıb Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi qonşu ölkələrə səfər edirlər.
Onların bu səfərlərini turistik səyahət adlandırmaq olmaz. Turist səfərinə çıxanlar adətən hotellərdə qalmağı, turlarda, gəzinti və səfərlərdə iştirakı önəmli görürlər. Bir sözlə turist kimi pul xərcləyirlər və bununla da iqtisadiyyata xeyir verirlər. Hazırkı vəziyyətdə isə gələn turistləri bu kateqoriyadan qiymətləndirə bilməyəcəyik”, - deyə Ə.Qurbanov bildirib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70% çoxdur.