«İrandakı hadisələr Britaniyanın regiondakı iştirakçılıq dozasını formalaşan yeni düzənə mütənasib qaydada çoxaldacaq»
"İrandakı iğtişaşların, mitinqlərin miqyası geniş vüsət aldıqca Tehran proseslərdə xarici dirijor axtarışlarına çıxır. Tehran İsrailin bostanına daş atmayıb, ümumiyyətlə İran son aksiyalara nisbətdə İsrail amilini çox da qabartmağa çalışmır.
Çünki İran İslam Respublikası düşməni İsrailin həddindən artıq güclü olduğunu qəbul etmiş kimi görünər və o zaman daxildə qızışmış emosiyalar “İsrail mərkəzli” sindrom kimi inkişaf edər. İran hələlik ilk “oxları” Böyük Britaniya və Norveçə atıb. Hər iki ölkənin Tehrandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb, məzəmmət edilib".
Bu fikirləri "Sherg.az"a açıqlamasında İranda baş verən ixtişaşlar barədə danışan analitik Aqşin Kərimov deyib. Siyasi sərhçi söyləyib ki, etiraz notalarının motivi iki ölkəyə münasibətdə vahid yanaşmanı bildirir:
"Yəni Britaniya da, Norveç də İrandakı aksiyaları alovlandıran addımlar atırlar: Britaniya media vasitəsilə, Norveç isə parlament səviyyəsində. Norveç dünya üzrə ambisiyalı dövlət deyil, o, Qərb sisteminin bir parçası kimi İrana qarşı tövr sərgiləyir. Əsas vurğu Britaniya üzərinə qoyulmalıdır.
Məntiqi cəhətdən Britaniyanın İrandakı hadisələri yönləndirmək cəhdləri mənalı görünür. Çünki Londonun qlobal çərçivələrinin hüdudsuzluğu onu İran barəsində də gizli, lakin qətiyyətli fəaliyyətə kökləyir.
Britaniya əlindəki qeyri-rəsmi vasitələrdən İrana qarşı yararlana bilər və heç təccüblü də deyil. Həmin alətlərdən biri də Britaniyadakı iranlı icmasıdır və Birləşmiş Krallıq onlara bir növ himayəçilik edir".
Ekspertin qənaətincə, Britaniyanın “Qlobal Britaniya” strategiyasının “qara siyahısında” İran da var:
"London, Tehranın regional və beynəlxalq siyasətini təhlükəsizlik mühitini pisləşdirən və beynəlxalq nizamı zəiflədən postulat kimi dəyərləndirilir. ABŞ-la yanaşı Britaniya da İranda baş verənləri böyük şövq və həyəcanla izləyir. Nəticələri öz xeyrinə dəyişdirmək üçün həm təkbaşına, həm də koordinasiyalı iş aparır. Britaniya narahatlıqlarını və prioritetlərini ABŞ-la bölüşür. Hərçənd Vaşinqton Tehranla münasibətlərindəki nüvə anlaşılmazlığını, sanksiyaları aradan qaldırmaq niyyətindədir.ABŞ İrana yumşalma siyasəti yürüdür. Bu, Britaniyanın bəzi prioritetlərinin qarşısını kəsir. Britaniya İsraillə əməkdaşlıq xəttini inkişaf etdirir və iki ölkə arasındakı təhlükəsizlik tərəfdaşlığı yenilənir. Şübhəsiz ki, indi İrana dair qorxulu planlarda aparıcı xətt Britaniya və İsrailə məxsusdur. Tehran britaniyalı səfir Simon Şerkliffi XİN-ə çağıraraq qabaqdangəlmişlik edir, “bizim bu planlardan xəbərimiz var” işarəsini verir. İrandakı hadisələr Britaniyanın regiondakı iştirakçılıq dozasını formalaşan yeni düzənə mütənasib qaydada çoxaldacaq.
Yeni salınan marşrutda Britaniya İrana qarşı hab yaratmaq üçün region dövlətlərinin narahatlıq və prioritetlərini öz quruluşuna inteqrasiya edəcək".