Qara ölkə ağ gün axtarışındadır

İran cəmiyyəti yenilik istəyir

Aksiyalara əsasən gənclərin qatılması yeni təlatümlərdən xəbər verir

Ola bilsin, hakimiyyət daxilində bəzi qüvvələr bu istiqamətdə islahatlarda maraqlıdır. Ancaq müqavimət göstərənlər güclü olduğundan bu ideyanı gerçəkləşdirə bilmirlər

  İranda etiraz aksiyaları davam edir. Etirazlar hakimiyyətdaxili münasibətlərin, yaxud dini-siyasi ideoloji liderlərin baş verənlərə yanaşmasının da üzə çıxmasına şərait yaradır. Ötən gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei ölümü ilə bağlı yayılan çoxsaylı söz-söhbətlərdən sonra ictimaiyyət arasında göründü və baş verənlərə də münasibət bildirdi. İran lideri ənənəvi olaraq ABŞ-ı ittiham edərək hadisələrin arxasında Ağ Evin və ölkənin vergi ödəyicilərinin durduğunu vurğuladı. 

Xamenei Məhsa Əmininin ölümündən kədərləndiklərini vurğulasa da, bu qətli törədənlərin cəzalandırılacağından, yaxud hadisənin araşdırılacağından bəhs etmədi. Onun sözlərinə görə, məsələ hicablı və ya hicabsız gənc qızın ölümündə deyil: “Bir çoxları hicaba tam əməl etmədən müxtəlif tədbirlərə qatılırlar”. Ehtimal etmək olar ki, Xamenei bu bəyanatı ilə ABŞ-a və onun regional müttəfiqlərinə qarşı sərt mövqelərindən çəkilməyəcəklərini bəyan etsə də, hicaba dair müəyyən yumşalmanın olacağının anonsunu verdi. Ola bilər ki, ali rəhbər "yumşaq" çıxışı ilə cəmiyyətdə hicaba görə etirazın mahiyyətini azaltmağa da cəhd göstərib. Bütün hallarda Xamenei görünməklə həm də hakimiyyətdaxili qüvvələrə “sağam, hakimiyyət başındayam, hadisələrdən xəbərdaram” mesajını verdi, rəqiblərinə barmaq silkələdi. 

Politoloq Sədrəddin Soltan deyib ki, İran inqilabının lideri Xomeyninin nəvəsi Həsən Xomeyni ölkədəki aksiyaları “acı olaylar” adlandırıb. O, etiraz aksiyasını İran vətəndaşının qanuni haqqı sayaraq bunu iğtişaşdan fərqləndirməyi qeyd edib: 

"Nəvə Xomeyni ölkədə iqtisadi problemlərin olduğunu, bunları həll etmək üçün islahat keçirilməsinin zəruriliyini açıqlayıb. Sosial şəbəkədə yayılan xəbər İran hakimiyyətinin əsas dayağı sayılan İnqilab Keşikçiləri Qvardiyasında ciddi hadisələrin, silkələnmənin davam etdiyini göstərir.

 İranda hakimiyyətdaxili islahatçı xəttin liderlərindən sayılan, 1997-2005-ci illərdə prezident olmuş, 77 yaşlı siyasətçi Məhəmməd Xatəmi tvitter səhifəsində hadisələrə belə münasibət bildirib: “Ağrıları sümük iliyinə qədər işləyən daha bir bədbəxt faciə!”. Yeri gəlmişkən, onun hökumətə başçılıq etdiyi dönəmdə İranda “zəncirvari qətllər” baş vermişdi. Onda ölkədə yaşayıb İslam Respublikası sistemini tənqid edən bəzi iranlı ziyalı dissidentlərin 98-i ya qətlə yetirilmiş, ya da itkin düşmüşdü. 

Bu cinayətləri hakimiyyətin güc strukturları həyata keçirdiyinə dair xəbərlər yayılmışdı. 2009-cu il “Yaşıllar hərəkatı"nın liderlərindən biri, parlamentin keçmiş sədri, hazırda ev dustağı Mehdi Kərrubi də etiraz aksiyalarını dəstəkləyib. Deyib ki, qadın və qızların alçaldılmaması, təqib edilməməsi üçün qanunsuz üsullar başa çatanadək bu fəaliyyət davam etməlidir. İranın keçmiş birinci vitse-prezidenti İshak Cahangiri də baş vermiş qətli “antiislam hadisəsi” adlandırıb. 

İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncaninin qızı Faizə Haşimi hicablı olsa da, məcburi hicaba qarşı çıxış etdiyini vurğulayıb. Tanınmış din xadimləri də hicabın adından istifadə edib xalqın əzilməsinə etirazlarını bildiriblər. Məşhəd, Qum və Tehranda din təhsili alan bir qrup tələbə isə İranın ali rəhbərinin legitimliyinin olmadığını açıqlayıblar. Tələbələr iddia ediblər ki, Xamenei müctehid deyil, onun islam hüququ ilə bağlı risaləsi yoxdur və bu səbəbdən ali rəhbər ola bilməz".

  S.Soltanın sözlərinə görə, etiraz aksiyalarına dəstəyin miqyasının genişlənməsi, proseslərdə əsasən gənclərin iştirak etməsi İranda yeni təlatümlərin baş verə biləcəyini ehtimal etməyə əsas verir: 

"İran cəmiyyəti yenilik istəyir. Ola bilsin, hakimiyyət daxilində bəzi qüvvələr bu istiqamətdə islahatlarda maraqlıdır. Ancaq müqavimət göstərənlər güclü olduğundan bu ideyanı gerçəkləşdirə bilmirlər. Bu baxımdan etirazlar onların da əlinə oynayır. Hakimiyyət aksiyalar vasitəsilə həm iqtidardaxili vəziyyəti, həm də cəmiyyətdəki prosesləri də “dişinə vurdu”. 

Xarici və daxili qüvvələrə İranda dəyişikliyin vacibliyi bir daha aydın oldu. 2006, 2009, 2011, 2019, 2022-ci ildə baş verənlər İranın çoxsaylı problemlərini dünyaya çatdıran aksiyalardır. 

Ehtimal etmək olar ki, hakimiyyət hələ ki etirazları yatırmaq üçün güclüdür. Odur ki, bu rəqəmlərin ardının olacağı da istisna edilmir..".