Yaponiyada qalmaqallar fonunda daha bir nazir istefa verəcək


Yaponiyanın inzibati işlər və kommunikasiyalar naziri Minoru Terada hökumətlə çoxsaylı qalmaqallara görə istefa ərizəsini Baş nazir Fumio Kişidaya təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Beləliklə, Terada son bir ayda nazir postunu itirən sayca üçüncü məmur olacaq. Onun maliyyə hesabatlarında pozuntuların olduğu ehtimal edilir. Bununla yanaşı, təxminən üç il ardıcıl Teradanın sənədlərində vəfat etmiş şəxs baş mühasib kimi qeyd edilib.

Qeyd edək ki, oktyabrın 24-də hökumətin əsas üzvlərindən biri, Yaponiyanın iqtisadi yenidənqurma naziri Daisiro Yamaqiva istefaya getməyə məcbur olub. Noyabrın 11-də isə ədliyyə naziri Yasuhiro Hanaşi qalmaqal səbəbindən vəzifəsindən gedib.