AK Parti dünya ölkələrini terrora qarşı birgə mübarizəyə çağırıb

“Terrora qarşı qətiyyətli mövqeyimizi göstərməyə məcburuq. Eyni zamanda, bütün ölkələri bəşəriyyətin düşməni olan terror təşkilatlarına qarşı mübarizəyə çağırıram”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əməliyyatlarda yeganə hədəf terrorçulardır: “Təəssüf ki, terror təşkilatları özbaşlarına deyillər, dəstək alırlar. Xüsusilə lojistik, siyasi, silah, hətta kəşfiyyat dəstəyi alırlar”.
N.Kurtulmuş bildirib ki, həm Suriya, həm də İraqda mövcud olan terrorçulara qarşı əməliyyatlar zaman-zaman həyata keçirilir: “Terrorçunun yaxşısı, pisi yoxdur. Heç bir ölkə öz maraqları naminə terrorçunu dəstəkləməməlidir”.
Sədr müavini vurğulayıb ki, terrorun arxasındakı dəstək çəkilərsə, çox qısa zaman ərzində - bir həftəyə, on günə dünyada terror təşkilatı qalmaz: "Amma təəssüflər olsun ki, bir tərəfdən dost münasibəti davam edən bəzi ölkələr həm də terror təşkilatlarına dəstək verirlər”.