“İndiki əməliyyatlarla Türkiyə ABŞ-ın dəstəklədiyi YPG və PYD -ni Suriyanın içərisinə doğru sıxışdıraraq, sərhədlərindən qovmaq istəyir”
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə xüsusi antiterror əməliyyatı keçirib.
Bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, “Pəncə-Kilid” adlandırılan əməliyyat PKK/KCK/YPG və digər terrorist qüvvələrini zərərsizləşdirmək, dövlət sərhədində təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunub.
Əməliyyatın əhəmiyyətini "Sherg.az"a təhlil edən“Avropa.info” nun baş redaktoru Ruslan Bəşirli deyib ki, Türkiyənin Suriyada yeni antiterror əməliyyatlarına start verməsi zərurətdir:
"Çünki bu ərazidə rəsmi Ankaranı təhdid edən və Türkiyə ərazisində "dövlət qurmaq" istəyən PKK, PYD, YPG kimi terror təşkilatları var. Əməliyyatı başlamaq üçün ABŞ- la hansısa razılaşmanın olub-olmaması barəsində dəqiq bir şey demək isə çox çətindir. Ona görə ki, bu terror təşkilatının arxasında Amerika dayanır. Bu gün Gaziantepə atılan raketlər də birbaşa Vaşinqton tərəfindən YPG, PYD yə verilmiş silahlardır. Bunu onlar da gizlətmir və bu terrorçu qruplaşmaları özlərinin müttəfiqi hesab edirlər. Digər tərəfdən ola bilər ki ABŞ Türkiyənin sərhədlərinin yaxınlığında məskunlaşan terrorçuların təmizlənməsinə şərait yaratsın. Amma istənilən halda rəsmi Ankara, əməliyyata başlamazdan öncə Amerikaya məlumat verir ki, terrorçuların yerləşdiyi ərazidən öz qoşunlarını geri çəksin”.
Rusiyanın bu əməliyyata münasibətinə gəlincə, ekspert qeyd edib ki, özü ağır vəziyyətdə olan Kremlin başı Ukrayna müharibəsinə qarışıb:
"Bölgədə ABŞ tərəfindən dəstəklənən terrorçu qrupların təmizlənməsi, Moskvanın və onun dəstəklədiyi Əsəd rejiminin manafelərinə uyğundur. Ümumiyyətlə, Suriyanın hava məkanı Rusiya tərəfindən qorunur. Bir neçə gün öncə isə Türkiyə terror təşkilatının mövqelərini bombardıman etdi. Buradan da belə qənaətə gəlmək olar ki, Kreml Ankaranın indiki antiterror əməliyyatlarını dəstəkləyir və Suriyanın hava məkanını Türkiyə üçün açıb. Bu ərazinin terrordan təmizlənməsi isə qardaş ölkəmiz üçün həyati önəm daşıyır. İndiki əməliyyatlarla onlar ABŞ-ın dəstəklədiyi YPG və PYD -ni Suriyanın içərisinə doğru sıxışdıraraq, sərhədlərindən qovmaq istəyirlər. Lakin ən gözəli bu terror təşkilatlarının Suriya və İraq ərazisindən tamamilə təmizlənməsi olardı. Bunların isə zamanla baş tutacağını və yaxın vaxtlarda Ankaranın Suriyada daha genişmiqyaslı antiterror əməliyyatlarına başlayacağını düşünürəm".