Türkiyə XİN Sincandakı yanğına görə Çindən izahat istəyib

Türkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində baş verən yanğınla əlaqədar rəsmi Pekindən izahat istəyib.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin açıqlamasında bildirilib.

“Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə baş verən yanğın nəticəsində həlak olanlar və yaralananların olduğu dərin üzüntü ilə öyrənilib. Bu kədərli hadisə ilə bağlı başsağlığı verir, yaralılara şəfa diləyirik. Yanğının başlama səbəbi ilə bağlı ictimaiyyətə aydınlıq gətirilməsini gözləyirik”, - XİN-in açıqlamasında qeyd olunub.

Qeyd edək ki, Çin KİV-inin məlumatına görə, noyabrın 24-də saat 18.00 radələrində Urumçinin mərkəzi rayonu olan Tianşanda yaşayış kompleksində yanğın başlayıb. Binanın 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə, tüstü isə 21-ci mərtəbəyə çatıb. Tüstüdən 10 nəfər ölüb.

Yanğınsöndürənlər yanğını cəmi 3 saata söndürə biliblər.

Sosial şəbəkələrdə COVID-19 ilə əlaqədar binanın karantinə alındığı üçün mənzil sakinlərinin içəridə sıxışdırıldığına dair məlumatlar paylaşılıb, yanğınsöndürənlərin əraziyə gec gəlməsi müzakirələrə səbəb olub.

Rəsmilər ərazinin “aşağı riskli” nəzarət zonası olduğunu, mənzildə yaşayanların bayıra çıxa biləcəyini iddia etsə də, epidemiyaya nəzarət məlumat bazalarında bölgənin hələ də “yüksək riskli” olaraq təsvir edildiyi məlum olub. “Yüksək riskli” ərazilərdə yaşayanlar karantinə alındıqda evlərini tərk edə bilmirlər. Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə avqustun əvvəlindən bir çox yaşayış məntəqələrində “qismən karantin” tədbirləri həyata keçirilib.

Əhaliyə nisbətən halların az olmasına və onların əksəriyyətində xəstəlik əlamətlərinin olmamasına baxmayaraq, Çin “sıfır hal” adlandırılan ciddi epidemiya nəzarət tədbirlərini həyata keçirməyə davam edir.