Quldurlara qarşı mübarizəyə əlavə 1000-dən artıq təhlükəsizlik əməkdaşı cəlb edilib


Salvador Prezidenti Nayib Bukele quldur dəstələri ilə mübarizə aparmaq üçün ölkə paytaxtının əlverişsiz bölgələrindən birinə 1,1 min təhlükəsizlik əməkdaşı göndərib.

“Report” xəbər verir ki, bu barədə N.Bukele tviter səhifəsində məlumat yayıb.

“Bu gün səhər saatlarından etibarən San-Salvadorun Tutuniçapa rayonu tamamilə mühasirəyə alınıb. 1000-dən çox əsgər və 130 polis buradan narkotik ticarəti ilə məşğul olan cinayətkarları çıxaracaq”, - o qeyd edib.

Xatırladaq ki, dekabrın əvvəlində Salvadorun dövlət başçısının qərarı ilə təhlükəsizlik sahəsində asayişi bərpa etmək üçün 8500 hərbçi və 1500 hüquq-mühafizə orqanı əməkdaşı paytaxtın əlverişsiz şəhərətrafı Soyapanqoya bölgəsinə göndərilib.