Almaniya 2024-cü il büdcə kəsirinin azı 14 milyard avro olacağını gözləyir

Almaniyanın federal büdcə kəsiri gələn il 14 milyard avro ilə 18 milyard avro arasında olacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Kristian Lindner “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

“Son hesablamalara görə, gələn il 424 milyard avroluq gəlirlər üzrə 14 milyard avro ilə 18 milyard avro arasında kəsirimiz olacaq”, - o qeyd edib.

Eyni zamanda Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, əgər əlavə xərclərə, məsələn, müdafiə və ya təhsilə ehtiyac yaranarsa, o zaman digər sahələr üzrə maliyyələşmə daha da kəsilməli olacaq: “Kommunal xidmətlərin tariflərinin artırılmasını da nəzərə almaq lazımdır. Təəssüf ki, may ayında vergi smetasının bütün büdcə problemlərini həll edəcəyinə ümid edənlər yanılırlar”.