ABŞ səmimi deyil: Ukraynada əks- hücum əməliyyatları başlansa...


ABŞ dövlət departamentinin rəhbəri Entoni Blinken deyib ki, ərazilərin işğaldan azad edilməsi məqsədilə effektiv əks-hücum əməliyyatlarının aparılması barədə qərarı Ukraynanın hərbi rəhbərliyi müstəqil şəkildə qəbul edir.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar lazım gələrsə, Ukraynaya öz məsləhət və dəstəyini verməyə hazırdır. Bununla belə, Ukrayna özü Rusiyanın işğal etdiyi əraziləri azad etmək məqsədilə əks-hücum əməliyyatları keçirməklə bağlı mühüm qərarlar qəbul edir.
“Ukrayna özünü Rusiyanın təcavüzündən ən effektiv şəkildə necə müdafiə edə biləcəyinə qərar verməlidir və ondan ələ keçirilən ərazini qaytarmalıdır”, - Blinken vurğulayıb.
Blinken daha əvvəl də oxşar məzmunlu açıqlama vermişdi. O, Ukraynanın yaxın gələcəkdə əks- hücum əməliyyatlarına başlayacağını təsdiqləmiş və Vaşinqtonun Kiyevi dəstəkləyəcəyini söyləmişdi. 
 Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski və müdafiə naziri Oliksiy Reznikov müdafiə qüvvələrinin əks- hücum əməliyyatlarına başlayacağını bildiriblər. Əməliyyatlara qarşıdakı həftələrdə start verilməsi gözlənilir.
 Amma rəsmi Vaşinqtonun tamamilə "oyundankənar" vəziyyətdə olduğunu düşünmürəm. Əlbəttə, Blinkenin dedikləri diplomatik baxımdan tamamilə başa düşüləndir. O, səsləndirdiyi fikirlərlə Ukraynanın ABŞ- dan asılı olmadığını, başqa sözlə desək, Vaşinqtonun Kiyevə təsir etmədiyini göstərmək istədi. Doğrudanmı, Ağ ev "süddən çıxmış ağ qaşıqdır?". İnandırıcı deyil. Ciddi  hesablamalarla Ukraynanı "bataqlığa" çevirən, sonra Rusiyanı bu "bataqlığa" çəkən, müharibənin il yarımdır davam etməsini təmin edən və dünya xəritəsini dəyişmək iddiasında olan dövlətin indi Ukraynaya müstəqilik qərar qəbul etməyə imkan verməsi ağlabatan görünmür. Əslində Kiyev xeyli dərəcədə Vaşinqtondan asılı vəziyyətə düşüb. Ukrayna ABŞ - ın istəklərinə zidd davranmağa cəhd etsə, Vaşinqtonun silah tədarükünü azaltmaqla Kiyevi hədələyəcək. Buna görə də, demək olar ki, indi Ukraynanın müstəqil qərar qəbul etmək imkanı yox səviyyəsindədir.
 Ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlı Ukrayna və ABŞ arasında fikir ayrılıqlarının olması mümkündür. Ola bilsin, xeyli vaxtdır bu barədə danışılmasına baxmayaraq, əks- hücum əməliyyatlarının hələ də başlamamasının əsas səbəbi budur. Buna baxmayaraq, qarşıdakı həftələrdə Ukraynanın hərəkətə keçəcəyi şübhəsizdir. Bu, ən azından tərəflərdən birinin- ya Ukrayna, ya da ABŞ- ın iradəsi ilə olacaq. Nəzərə almaq lazımdır ki, Ukraynanın gözləməyə vaxtı yoxdur. Əks- hücum əməliyyatları geciksə, Baxmut şəhəri tamamilə ələ keçirilə bilər. Bu isə Donetsk vilayətində Rusiyanın nəzarətinin xeyli dərəcədə artması deməkdir. 
Blinken əks- hücum əməliyyatları barədə qərarın tamamilə rəsmi Kiyevdən asılı olduğunu bildirsə də, "məsləhət verməyi" də unutmayıb: "Ukrayna özünü Rusiyanın təcavüzündən ən effektiv şəkildə necə müdafiə edə biləcəyinə qərar verməlidir və ondan ələ keçirilən ərazini qaytarmalıdır”. Bu, həm də Kiyevə ismarış kimi qiymətləndirilməlidir. Görünür, ABŞ əks- hücum əməliyyatlarının başlanmasında maraqlıdır. 
 Əks- hücum əməliyyatları ilə bağlı tərəflər arasında müxtəlif səviyyələrdə gizli danışıqların olması mümkündür. Hətta, istisna deyil ki, ABŞ Ukraynaya təzyiq göstərir. Kiyev isə, ola bilsin, Vaşinqtona tam güvənmir. İndi əsas sual budur: əks hücum başlayandan sonra ABŞ Ukraynanı hara kimi dəstəkləyəcək?

Kənan Novruzov