“Millət İttifaqı” dağıldı: Məğlub düşərgədə çatlar daha tez yaşanır

  Türkiyədə “Millət İttifaqı”nın fəaliyyəti tamamlanıb. Bu barədə İYİ Partiya baş katibi Uğur Poyraz bildirib. O qeyd edib ki, ittifaqın yaradılma səbəbi sadəcə prezident və parlament seçkiləri idi. Partiyanın İstanbul millət vəkili Cihan Paçacı da deyib ki, hazırda "Millət İttifaqı"nın davamını zəruri edən heç bir məsələ yoxdur: 

"Müttəfiqlik hansısa siyasi məsələdə əməkdaşlıq deməkdir. Hazırda hər hansı əməkdaşlıq tələb edən məsələ yoxdur”. Digər tərəfdən, Cumhuriyyət Xalq Partiyası siyahılarından millət vəkili seçilən Gələcək Partiyasının 10 üzvü də CHP-dən istefa vermək üçün parlamentə ərizə ilə müraciət ediblər. DEVA və Səadət Partiyasını təmsil edən deputatların da CHP-dən istefa verəcəyi bildirilib. Onların iyunun 2-də öz partiyaları ilə birlikdə and içəcəkləri vurğulanıb. 

  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a deyib ki, seçkilərdəki uğursuz nəticələrdən sonra "Millət İttifaqı"nın dağılacağı gözlənilən idi. Ekspert bildirib ki, məğlub düşərgədə çatlar daha tez meydana gəlir: 

"Seçki nəticələri açıqlandıqdan dərhal sonra "Millət İttifaqı" nəzdində narazılıq, gərginlik başlandı, qarşılıqlı ittihamlar səsləndi. DEVA partiyasının sədri Əli Babacanın seçkidən sonra verdiyi açıqlamalar, "Cümhur İttifaqı" ilə əməkdaşlığa hazır olduğunu söyləməsi, Gələcək Partiyasında yaşananlar, İYİ və digər partiyalardan qopmalar, CHP siyahısından deputat seçilən vəkillərin istefa verəcəklərini açıqlaması "Millət İttifaqı"nın dağılacağının anonsu idi. Ərdoğanı devirmək məqsədilə bir araya toplanmış müxtəlif ideologiyaya sahib partiyaların ittifaqı uzun müddət çəkə bilməzdi. Ona görə də İttifaqın parçalanması təbiidir. Əlbəttə, qarşıdan gələn bələdiyyə seçkilərində müxalif düşərgədki bir neçə partiya yenidən birləşə bilər. Lakin budəfəki kimi siyasi ittifaqın yaradılması inandırıcı görünmür. "Millət İttifaqı"nda çatlar böyüməkdə davam edəcək və iqtidar da öz xeyrinə bundan yararlanacaq".