Rusiya sonadək dirəniş göstərəcək

“Ukrayna Rusiyadan güclü deyil. Ancaq Qərbin dəstəyi ilə həm silahlanır, həm də güclü informasiya dəstəyi alır"
 
  Rusiya-Ukrayna sərhədində qızğın döyüşlər gedir. Ukraynadakı "Rusiya Könüllülər Korpusu"nun və “Rusiya Azadlığı” legionunun döyüşçüləri Rusiya sərhədindən videomüraciət yayıblar. Çox yaxında Rusiya ərazisinə irəliləyəcəklərni bəyan ediblər. NATO-nun baş katibi Yens Stoltenberq də deyib ki, Ukrayna ordusu Rusiya ərazisinə girə bilər.

 Stoltenberqin sözlərinə görə, bu, Ukraynanın özünümüdafiə hüququdur: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”. Müharibəni Rusiya Prezidenti Vladimir Putinin başlatdığını xatırladan Stoltenberq qeyd edib ki, ancaq Putin özü savaşı dayandıra bilər: “Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Həmçinin Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir. NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”.

  Politoloq Azər Niftiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi 16 aydır ki, davam edir. Ekspert xatırladıb ki, Rusiya Ukrayna ərazisinə hücum edəndə iki ay müddətinə Kiyevi zəbt edəcəyini düşünürdü:

 "Moskvanın məqsədi Ukraynada hakimiyyətə öz adamını gətirmək və nəzarəti ələ almaq idi. Ancaq Kreml məqsədinə nail ola bilmədi və müharibənin gedişatında ciddi şəkildə zəiflədi. Qərb ölkələri Ukraynanı birmənalı dəstəkləyir, Rusiyaya qarşı çoxvektorlu iqtisadi sanksiyalar tətbiq edilir. Düzdür, Rusiya daxili resursları hesabına daha ciddi böhranın qarşısını ala bilir. Lakin bunun uzun müddət davam etməsi qeyri-mümkündür. Rusiya prezidentinin qismən səfərbərlik sərəncamı da ciddi fəsadlar doğurdu. Müharibəyə getmək istəməyən rus vətəndaşları müxtəlif ölkələrə üz tutdular, ictimaiyyətdə Kremlə qarşı narazılıq formalaşdı. Əslində görünən odur ki, ruslar ukraynalılara qarşı savaşmaq istəmirlər. Xatırladım ki, Kremlə, Moskvanın bəzi küçələrinə hücumlar oldu. Moskva bu hücumların arxasında Ukraynanı dəstəkləyən Qərbin dayandığını dedi. Amma belə iddia da gündəmə gəldi ki, hücumların arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. Məqsəd rusları hiddətləndirmək, onlarda Ukraynaya qarşı nifrət, düşmənçilik hissi yaratmaqdır. Kreml rusları səfərbər edə bilmir. Rusiya fərqindədir ki, Ukrayna ilə müharibədə həmrəy ola bilməsələr, savaş Moskvanın məğlubiyyəti ilə yekunlaşacaq". 

Analitik vurğulayıb ki, ABŞ və Avropa ölkələri dairələri açıq şəkildə Ukrayna-Rusiya savaşını şiddətləndirməyə çalışırlar: 

"Qərb planlarını qısa müddətdə həyata keçirmir, səbrli davranaraq uzun müddət gözləyir. Nəticədə savaş açdığı ölkəni daxildən siyasi-iqtisadi baxımdan sarsıdır, hərbi məhrumiyyətlərə düçar edir. Bundan sonra Qərbin ikinci planı işə düşür. Qərbin Ukraynaya hərtərəfli dəstək verməsi səbəbsiz deyil. Rusiya 2008-ci ildə Gürcüstanı işğal edərkən Qərb düşünmüşdü ki, məsələni masa arxasında həll etmək mümkün olar. Lakin anladılar ki, Moskva ilə masa arxasında müzakirələr nəticə vermir və mənasızdır. Ona görə də Rusiyaya qarşı barışmaz mövqe tutmağa qərar veriblər. Müharibə uzun müddət davam edəcək. Ara-sıra şiddətlənəcək, bəzən isə nisbətən səngiyəcək. Rusiya sonadək dirəniş göstərəcək. Ukrayna Rusiyadan güclü deyil. Ancaq Qərbin dəstəyi ilə həm silahlanır, həm də güclü informasiya dəstəyi alır".