Ukrayna növbəti əks-hücum əməliyyatına ciddi hazırlıq görür

Ankara yenə vasitəçilik rolunda

Kaxovka SES-in partladılması ilə bağlı Türkiyə liderinin beynəlxalq komissiya yaradılması təklifi reallaşmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna rəhbəri V.Zelenski arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Ukraynada hazırda davam edən müharibə ətrafında fikir mübadiləsi aparıblar. Ərdoğan Kaxovka SES-də baş verən partlayışla bağlı danışarkən qeyd edib ki, hadisə ilə bağlı ətraflı araşdırma aparmaq üçün münaqişə tərəflərinin mütəxəssislərinin, BMT və Türkiyə daxil olmaqla beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla bilər. 

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib. Belarus Prezidenti Aleksandr Lukaşenko Kaxovka SES-in partladılmasında Ukrayna tərəfini günahlandırıb. Səbəb kimi Ukraynanın genişmiqyaslı əks-hücuma keçməsini göstərib. 
 
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Türkiyə Rusiya-Ukrayna savaşı fonunda öz vasitəçilik təşəbbüslərini davam etdirəcək. Analitik vurğulayıb ki, iki ölkə arasında vasitəçilik missiyası Türkiyə üçün xüsusi önəm kəsb edir: "Vasitəçilik missiyası Türkiyəyə imkan verir ki, Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi prosesində mühüm rol oynasın, moderatorluq etsin. Ankara hökuməti real nəticə əldə etmək istiqamətində əlindən gələni edir və şübhə yox ki, bu yöndə fəaliyyətini davam etdirəcək. 
Xatırladım ki, Vatikan, Çin və Cənubi Afrika da Kiyev-Moskva arasında vasitəçilik təşəbbüsü göstərir. Türkiyə çalışır ki, öz vasitəçilik mövqeyini itirməsin. Çünki müharibə aparan iki dövlət arasında ilk təmaslar, müəyyən razılaşmalar məhz Türkiyə vasitəsilə mümkün olub. 

Türkiyənin birbaşa iştirakı və uğurlu fəaliyyəti sayəsində "taxıl sazişi" imzalandı və müddəti uzadıldı. Bunlar önəmli məqamlardır. Kaxovka SES-in partladılması ilə bağlı Türkiyə liderinin beynəlxalq komissiya yaradılması təklifi də müsbət təşəbbüsdür. Ancaq indiki durumda bunun reallaşacağını zənn etmirəm. Ukrayna növbəti əks-hücum əməliyyatına ciddi hazırlıq görür və Rusiya bunun qarşısını almağa çalışır. Belə şəraitdə tərəflərin beynəlxalq komissiyaya razılıq verəcəyi inandırıcı görünmür. Bunun üçün siyasi zəmin yoxdur".