Kılıçdaroğlunun sədrlikdən getməsinin vaxtı çoxdan çatıb

Mənsur Yavaşın və ya Əkrəm İmamoğlunun namizədliyi CHP üçün yeni nəfəs yarada bilər

Türkiyədə keçirilən prezident seçkilərində məğlubiyyətə uğrayan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi məsələsi müzakirə olunur. İddialara CHP-nin sözçüsü Faik Öztrak münasibət bildirib. Partiya rəsmisi deyib ki, CHP bir çadır partiyası deyil, yüzillik bir partiyadır: "Heç kim təkbaşına qərar verə bilməz. Bütün qərarlar partiyanın səlahiyyətli komitələrində müzakirə yolu ilə qəbul edilir". Xatırladaq ki, İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının seçkilərdə uduzduğunu ifadə edərək, tənqidi fikirlər səsləndirib. İmamoğlu "eyni şeyi edib, eyni yolda getməklə növbəti səhvi edə bilmərik" söyləyib: "Dəyişiklik anlayışını ən güclü tələb edənlər arasındayam. Hamımız bilirik ki, dəyişiklik sadəcə idarə heyətində olmayacaq. Ciddi dəyişikliyi cəmiyyət, insanlar tələb edir. Qulağımızı tıxayaraq yol gedə bilmərik". 

 BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, seçkilərdə məğlub olan partiya sədrlərinin istefasını tələb etmək təbii haldır. Xüsusən, söhbət 10-11 seçkidə məğlub olmuş bir partiya sədrindən - CHP rəhbəri Kamal Kılıçdaroğlundan gedirsə, belə tələblər gözləniləndir: "Məhərrəm İncənin vaxtilə CHP-dən ayrılması da Kılıçdaroğlunun uzun müddət sədr qalmasına, yeni sədrin seçilməsinə imkan vermədəyinə görə olmuşdu. İncə CHP-də sədrlik yarışında  özünə kifayət qədər tərəfdaş topladı. Səsvermədə xeyli səs də topladı, amma Kılıçdaroğlu öz sədrliyini müxtəlif yollarla qorudu. Əslində Kılıçdaroğlunun bu qədər məğlubiyyətdən sonra CHP kimi partiyanın başında sədr olaraq qalması onun özü üçün böyük jest idi. Kılıçdaroğlunun ən azı gələn il keçiriləcək bələdiyyə seçkilərinə kimi postunda qalmağa cəhd etməsi onunla bağlıdır ki, növbəti seçkilərdə hansısa nailiyyət əldə edərək siyasi karyerasına bədbin notlarla son vermək istəmir. Bələdiyyə seçkilərində iri şəhərlərdə CHP-nin qələbə qazanması, Kılıçdaroğlunu sonrakı dövr üçün də sədr postunda saxlaya bilər. Gələn seçkilərdə isə əsas rəqibi R.T.Ərdoğan olmayacaq və bu, Kılıçdaroğlu üçün qələbə şansını artırır. Təbii ki, ömrü buna vəfa edərsə...". 

Analitikə görə, Ankara bələdiyyə sədri Mənsur Yavaşın və ya Əkrəm İmamoğlunun namizədliyi CHP üçün yeni nəfəs, yeni uğurlar üçün daha böyük şanslar yarada bilər: "İYİ Partiya sədri Meral Akşener isə Kılıçdaroğlundan fərqli olaraq yeni partiya sədridir, məğlubiyyəti də ilkdir. Onun özü də MHP-dən eyni səbəblə ayrılıb. Hesab edirəm ki, CHP-də bu proseslər normal haldır və Kılıçdaroğlunun sədrlikdən getməsinin vaxtı çoxdan keçib. Adları çəkilən namizədlər Ərdoğansız siyasi arenada real gücə çevrilə bilərlər. Amma bunu zaman göstərəcək. Türk xalqı nəyi necə etməyi yaxşı bilir".