Süni zəka kabusu qapımızdadır


Çoxsaylı ölümlərə yol açacaq

  Böyük Britaniyanın hind əsilli Baş naziri Rişi Sunakın texnoloji məsələlər üzrə  üzrə müşaviri Matt Clifford süni zəkanın 2 il ərzində ölümcül silahların istehsalına yardımçı ola biləcəyinə dair xəbərdarlıq edib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, müşavir, gözlənilən təhlükəni dəf etmək üçün təkcə ayrı-ayrı dövlətlər tərəfindən deyil, ümumən qlobal miqyasda önləmlər alınmasının vacibliyini vurğulayıb. Ümumiyyətlə, süni zəkayla bağlı son zamanlar mütəxəssislər narahatlıq doğuran açıqlamalarla çıxış edir. Matt Clifford da “TalkTV”də bu barədə danışıb. TV proqramın qonağı olan müşavir süni zəka, bioloji silah, kiberhücum təhdidləri haqda mövqeyini açıqlayıb. M.Clifford bildirib ki, süni zəka sistemləri sürətlə inkişaf edir və getdikcə daha çox funksiyalara sahib olur. Bu texnologiya nəzarət altına alınmazsa, dünyanı təhdid edən bir şəkil alacaq. Dünya dövlətləri kiberhücumlar və bioloji silahlara qarşı tədbir almaq məcburiyyətindədir. Müşavir süni zəka ilə bağlı bir çox fərqli risk təhlükəsi olduğunu deyib. “Bu sektorda yaxın və uzunmüddətli risklərdən bəhs edirik. Yaxın zamanda bizi təhdid edə biləcək risklər isə daha qorxuncdur. Süni zəkadan yeni bioloji silahlar və böyük ölçüdə kiberhücumlar başlatmaq üçün istifadə edilə bilər. Bu, çox üzücüdür”, söyləyən M.Clifford, hətta bəşəriyyətin süni zəka tərəfindən yox edilmək ehtimalının olduğunu da bildirib. “Süni zəka insanlığı məhv edə bilərmi” sualına cavabında baş nazirin müşaviri “bu ehtimal sıfır dərəcəsində deyil”, söyləyib. M.Clifford hesab edir ki, bioloji silahlar və kiberhücumlar insanlara qarşı çox təhlükəlidir və süni zəkanın yaratdığı bu təhdidlər bütün bəşəriyyəti olmasa da, çox sayda insanı məhv edə bilər. Süni zəkanın necə, hansı yolla nəzarət alına biləcəyi barədə düşünülməlidir.