Rusiya böyük Avropa bazarını itirib

Ona görə Çinlə əməkdaşlığı genişləndirməyə çalışır
  Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə böyük Avropa bazarını itirib. Ona görə də yeni bazarlar axtarmağa çalışır. Rusiyanın əsas alternativi Çindir. Təsadüfi deyil ki, bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz artaraq 93,8 milyard dollara çatıb. Çinin elə bir məhsulu yoxdur ki, Rusiyaya ixrac etməsin. Çin Rusiyaya smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər satıb. Çinin Rusiyadan aldıqları isə neft, təbii qaz, kömür, mis filizi, taxta, yanacaq və dəniz məhsullarıdır.
  "Sherg.az"a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Çinlə hərbi əməkdaşlığı da genişləndirməyə çalışır. Ekspert vurğulayıb ki, iki ölkə arasında birgə hərbi təlimlərin sayı artıb: "Bu vəziyyət Yaponiyanı narahat edir. Yaponiya hökumətinin sözçüsü Hirokazu Matsunonun sözlərinə görə, Çin və Rusiyanın Yaponiya ətrafında birgə hava təlimləri bu ölkənin milli təhlükəsizliyi üçün “ciddi narahatlıq” yaradıb. Hirokazu Matsuno bildirib ki, Yaponiya Çin və Rusiya bombardmançılarının birgə uçuşlarını qeydə alıb. Bu ay Çin və Rusiya Yapon dənizi və Şərqi Çin dənizi üzərində birgə hava patrulu da həyata keçiriblər. Yaponiya bu səbəbdən tərəfdaşlarıyla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çalışır, NATO ilə təmasları artırıb. Bu arada, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli “CNN” telekanalına müsahibəsində Çinlə bağlə vəziyyətin gərginləşdiyini bildirib: “Biz müəyyən rəqabət şəraitindəyik, konfrontasiya mərhələsindəyik, amma hələ ki münaqişəmiz yoxdur”. Millinin sözlərinə görə, Çin ilə ABŞ arasında müharibə qaçılmaz deyil. Amerikalı general hesab edir ki, rəqabət vəziyyəti ilə bağlı status-kvonu saxlamaq vacibdir. Bunun üçün ölkələrin bir-biri ilə əlaqə saxlaması və böhran zamanı deeskalasiyaya cəhd göstərməsi lazımdır".
  Analitik diqqətə çatdırıb ki, Mark Milli beynəlxalq aləmdə 3 gücün - ABŞ, Rusiya və Çinin ön planda olduğunu etiraf edib: “Halbuki SSRİ dağıldıqdan sonra ABŞ-nin simasında birqütblü dünya formalaşmışdı. Demək, vəziyyət dəyişib. Çinin hərbi zəmində fəallaşmasına misal kimi “The Wall Street Journal” dərgisində yayımlanan məqaləni göstərmək olar. Məqalədə Çinin Kuba adasında gizli baza formalaşdıracağı yazılıb. Kuba ilə Çin əldə etdikləri gizli razılaşmaya görə, Çin Kuba ərazisində yüksək texnologiyalardan istifadə edərək ABŞ-nin ərazisini müşahidə edəcək. Kubadakı bazadan ABŞ-nin cənub ərazisi dinləniləcək və elektron məktublar ələ keçiriləcək. Həmin bazadan ABŞ hərbi gəmilərinin yerdəyişməsi də nəzarətdə saxlanılacaq. Çinin Kubadakı həmin bazası ABŞ-nin Florida ştatından təxminən 100 kilometr məsafədə yerləşəcək. Çinin həmin bazaya görə Kubaya milyardlarla dollar ödədiyi bildirilib. Ağır iqtisadi durumda olan Kubanın valyutaya ehtiyacı var. Çinin Kubada yaratmaq istədiyi baza Vaşinqtonda ciddi narahatlıq doğurub. Vaxtilə SSRİ Kubada nüvə silahlarını yerləşdirəndə, bu, az qala üçüncü dünya müharibəsinə səbəb olacaqdı. Tarixə “Karib böhranı” kimi düşən hadisə “soyuq müharibə” illərinin ən gərgin günləri idi. Tarix təkrarlana bilər".