Polşanın 10 il ərzində 2 milyon miqrant işçiyə ehtiyacı var - HESABAT

Polşa Sosial Təminat Qurumunun (ZUS) dərc etdiyi hesabat, əmək qabiliyyətli əhalinin pensiyaçılara nisbətini qorumaq üçün ölkənin 10 il ərzində təxminən 2 milyon immiqrant işçi qüvvəsinə ehtiyacı olduğunu göstərib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, NFP internet saytının ZUS-un hesabatına əsaslanaraq Polşada nəşr etdiyi xəbərə görə, son illərdə Polşada sığorta sistemində qeydiyyatdan keçən xarici milli mühacirlərin sayında əhəmiyyətli artım müşahidə olunub.

Məlumata görə, sistemdə qeydiyyatda olan əcnəbilərin sayı 2009-2014-cü illərdə 59 min 300 nəfər artdığı halda, 2015-2022-ci illərdə bu artım 938 min 900 nəfər olub.

Hesabatda məhsuldar əhalinin artırılması üçün 1,8 milyon immiqrantın lazım olduğu, lakin Polşanın Avropada doğum nisbəti ən aşağı olan ölkələrdən biri olduğu üçün bu rəqəmin belə gələcəkdə kifayət olmaya biləcəyi ifadə edilib.

Bundan əlavə, 2022-ci ildə “iqtisadi cəhətdən qeyri-məhsuldar əhalinin” ümumi əhali sayına nisbəti 39 faiz olduğu halda, 2032-ci ildə bu nisbətin 44,1 faizə yüksələcəyi qeyd edilib.

Hesabatda, 39 faizlik nisbətin qorunub saxlanılması üçün ölkəyə daxil olan xarici işçi qüvvəsinin sayının hər il 200 min ilə 400 min arasında olması lazım olduğu bildirilib və bu hədəfin praktikada “real olmadığı” qəbul edilib. .

2015-ci ildən bəri görünməmiş immiqrasiya səviyyəsinə çatan Polşa Avropa İttifaqında (Aİ) ən yüksək immiqrasiyaya malik ölkələr sırasındadır.

Turan