Şavkat Mirziyoyev vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB

Şavkat Mirziyoyev and içərək Özbəkistan Prezidenti vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report” yerli KİV-ə istinadən xəbər verir.

Ş.Mirziyoyev Özbəkistan Prezidenti kimi Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclasında səlahiyyətlərinin icrasına başlayıb.

“Özbəkistan xalqına sədaqətlə xidmət edəcəyimə, respublikanın Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyimə, Özbəkistan Respublikasının Prezidentinə həvalə edilmiş vəzifələri vicdanla yerinə yetirəcəyimə təntənəli surətdə and içirəm”, - o, andiçmə mərasimində bildirib.

11:13
Daşkənddə növbədənkənar seçkilərdə qalib olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilir.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.

Andiçmə mərasimi Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclası çərçivəsində keçirilir.

Hazırkı dövlət başçısı ilə yanaşı, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev namizəd olublar. Respublikada mövcud olan digər partiya – “Milli Dirçəliş” hazırkı prezidentin namizədliyini dəstəkləyib.

MSK-in yekun məlumatlarına görə, Mirziyoyev Özbəkistan tarixində ilk dəfə keçirilən növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib. Seçkilərdə iştirak 80 faizə yaxın olub.