Makron Yeni Kaledoniyanın gələcək statusuna dair açıqlamalar verəcəkmi?

Beş ildən sonra Emmanuel Makron Noumeaya yenidən qayıdıb və bu səfər strateji Hind okeanı və Sakit okean regionuna turun başlanğıcıdır.

Makronun səfər proqramında qlobal istiləşmə, Çinin təsiri, Yeni Kaledoniyanın statusu kimi bir çox məsələlər yer alıb. Nahelin ölümündən sonra Fransa şəhərlərini bürümüş qiyamların cəmi dörd günə dayandırılmasını alqışlayan prezident respublikada heç nəyin və heç kimin qanunundan üstün olmadığını deyib. O, polisin “emosiyasını anladığını” qeyd etməyi də unutmayıb.

E.Makron Yeni Kaledoniyada institusional layihələrin “yeni səhifəsini açmaq” istədiyini bildirib. Onun, həmçinin müstəmləkəçilik boyunduruğundan qurtulmaq istəyən arxipelaqın gələcək statusu ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.

Fransa Prezidentinin strateji Sakit Okean regionuna bu səfəri “tarixi səfər” adlandırılır. Yeni Kaledoniyadan sonra E.Makron Vanuatuya, daha sonra isə Papua Yeni Qvineyaya gedəcək. O, Fransaya aid olmayana Sakit Okean adalarına səfər edən ilk fransız prezident olacaq. Makron, eyni zamanda, Fransanın regiondakı mövcudluğunu təsdiqləməli və yerli tələbləri dinləməlidir.

Okeaniya Demokratik Birliyinin sədri Aluazo Sako televiziyaya müsahibəsində deyib ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının Zirvə toplantısında Fransanın müstəmləkəçiliyə son qoyması tələb olunub. Onun sözlərinə görə, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) üçün dekolonizasiya müstəqilliyin sinonimidir. FLNKS-nin siyasi kursu dəyişməyib.