Bu ilin oktyabr ayı ərzində İran zindanlarında ən azı 78 məhbus edam edilib. Sentyabr ayında 27 məhbusun edamı qeydə alınıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, son bir ay ərzində dar ağacından asılan məhbusların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar.
Qeyd edək ki, statistikaya əsasən, oktyabr ayında 18 etnik bəluc, dörd kürd, dörd türk və beş əfqan məhbusun edam hökmü icra edilib.
Tehran dövlətinin əsas siyasətinin hər zaman fərqli düşünən və inanclara sahib olan insanları edam etmək olduğunu söyləyən Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili "Sherg.az"a bildirib ki, keçən il etirazlardan sonra bu iki qat artıb:
"1980-1988-ci illərdə minlərlə siyasi fikir ayrılıqlarına sahib olan qadınlar faciəli şəkildə edam olundular. Bunlar isə sırf fərqli düşüncəyə sahib olduqları üçün edam edilirdi. Yəni, Tehran rejiminin ideologiyasına qarşı idilər. Həmin insanlar mühakimə edilmədən çox çirkin vəziyyətdə öldürüldülər. Biz dilə gətirməkdən utansaq da həmin dövrdə siyasi qadınlara əvvəl təcavüz olunub, daha sonra edam etdilər. Bu isə şəriət hökmü ilə edilən bir şey idi. İllərlə Bəluçistanda və bəzi bölgələrdə etnik qruplar arasında fərqli mənsəb inanclarına sahib olduqlarına görə insanlar edam olunur. Bununla bağlı qurulan məhkəmələrin bir çoxu formal xarakterli oldu. İranda mühakimə bağımsızlığı yoxdur. Mühakimə Tehran dövlətinin çıxarlarını qorumaq üçündür. İran dünyada nüfuz etibarilə edamların ən çox yaşandığı ölkədir. Keçən ilin statistikasına baxanda təxminən 700 nəfər edam edilib. Edamların səbəbi müxtəlif olsa da, bu dövlət əlilə insanları qətl etmək deməkdir. Edam haqsızlığı, şiddəti məşhurlaşdıran çox çirkin bir sistemdir ki, tez bir zamanda dayandırılmalıdır".
Məhsa Mehtili onu da vurğulayıb ki, İnsanların şəxsi həyatları ilə bağlı da edamlara rast gəlinir:
"Məsələn, bəzən zina adı altında, bəzən isə ilişkilərlə bağlı edam hökmü verilir. İran kimi dövlətdə edamların qarşısının alınması gözlənilən deyil. Çünki Avropa Birliyi və Amerika da bu məsələyə eyni səviyyədə münasibət bildirir . Məsələn, əgər Türkiyədə bu edamlar baş versə idi, Avropa Birliyi ayağa qalxardı. Amma söz İran olan zaman yalandan formal şəkildə fikirlər bildirirlər. Ancaq heç zaman edamlarla bağlı bir tədbir görülməyib. İran isə hələlik bundan istifadə edir. Yəni, etirazları yatırmaq üçün edamlardan bir vasitə olaraq istifadə edirlər. Oradan yaşayan xalqların gedəcək qapısı da yoxdur. İran dövlətində edamlar bundan sonra da davam edəcək".