Dünyanı təyyarəsiz gəzdi: Günlük xərci 20 dollara başa gəlib


  Thor Pedersen dünyanı təyyarəsiz və sadəcə, 20 dollara gəzmiş adamdır. Bu necə baş verib? 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, T.Pedersendə dünya səyahətinə çıxmaq arzusu təyyarədən istifadə etmədən dünya ölkələrini kimsənin gəzə bilməyəcəyinə dair bir məktubu oxuduqdan sonra yaranıb. Yaş həddinə görə əvvəlcə tərəddüd edib, bunu bacara bilərmi? 

Amma qərar verib və dünya səyahətinə çıxıb. T.Pedersen səyahət planı tərtib edib. İş yerindən istefa verib və yalnız bir-iki zəruri əşyanı yol çantasına qoyaraq Vətəni Danimarkanı tərk edib. Danimarkalı səyyah dünyanı təyyarədən istifadə etmədən dolaşmaq arzusunu 10 il ərzində gerçəkləşdirib. Səyyahın 10 il ərzindəki səyahəti 3 min 576 gün təşkil edir. Bu müddət ərzində səyyah 37 dəfə gəmiyə, 158 dəfə qatara, 351 dəfə də avtobusa minib. Səyahətlər üçün o, xarici pasportunu 10 dəfə yeniləməli olub. Səyyah gəmiçilik və logistika sahəsində çalışır. 

Səyyah “Thor” ləqəbini götürüb. Onun səyahət macərası 2013-cü ildə atasından aldığı elektron məktubla başlayıb. Atası oğluna məktubunda müasir zamanda dünyanı təyyarədən istifadə etməyərək dolaşan bir adam tanımadığını yazıb. Bunu oxuyan Pedersen də atasının hələ “tanımadığı adam” olmağa – dünyanı təyyarəyə minmədən dolaşmağa qərar verib. Bunu necə edə biləcəyini müəyyənləşdirmək üçün axtarışlar aparıb, hansı yollar və vasitələrlə hərəkət edə biləcəyini öyrənib. Nəhayət, 2013-cü ildə “dünyanı dolaşmamış Danimarkaya dönməyəcəyəm”, deyə and içərək yola çıxıb. Onun hədəfi dünyanı təyyarəsiz dolaşan adam olaraq adını tarixə yazdırmaqdır. Bu hədəfinə çatmaq üçün qarşısına 3 şərt qoyub: təyyarəyə minməmək, bir ölkədə 24 saatdan artıq qalmamaq və dünya səyahətini başa vurmadan evə dönməmək. Pedersen səyahətdə keçirəcəyi hər gün üçün 20 dollarlıq büdcə ayırıb. Və bu pul daxilində qalacağı yeri, qidalanmanı, gündəlik xərclərini qarşılamağı planlaşdırır. Pedersen səyahət zamanı çətinliklərlə də qarşılaşıb. Münaqişə bölgələrindən keçib getmək çətin olub, bəzən günlərlə, hətta həftələrlə hansısa ölkənin sərhədində gözləməli olub. Qızdırmaya tutulduğu, öldürülmək qorxusu yaşadığı günlər olub. Qatarlarda, yük maşınlarında dəstə-dəstə adamların əhatəsində hərəkət edib. Lakin hədəfə çatmaqdan vaz keçməyib.

 Pedersen səyahətə Avropadan başlayıb, sonra Şimali və Cənubi Amerikanı, daha sonra Afrika qitəsini dolaşıb.  2017-ci ildə Pedersen Türkiyəyə gəlib və oradan Orta Şərqə yol alıb. Əfqanıstan, Yəmən, Suriya kimi müharibə ölkələrinə də səfər edb. O, dünya səyahətini 8 ilə tamamlamağı planlayıb, lakin səfərləri COVID-19 pandemiyası səbəbindən yarımçıq qalıb. Pandemiya onu Hong-Konqda “yaxalayıb”. Pedersen bu ölkədə 2 il qalmalı olub. Karantin bitdikdən və sərhədlər açıldıqdan sonra bu il may ayında səyahətini nəhayət başa vurub. Ümumilikdə 203 ölkəni gəzib, onun səyahətinin ümumi uzunluğu Yer kürəsini 9 dəfə fırlanmağa bərabərdir. Pedersen 26 iyulda ölkəsinə dönüb.