Mahmud Abbas: Fələstin Qəzzanı nəzarətə almağa hazırdır

Fələstin-İsrail münaqişəsinin tam siyasi həlli Qəzza zolağının yeni müstəqil Fələstin dövlətinə daxil olmasını nəzərdə tutur.
“Report” WAFA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas deyib.
“Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz parçasıdır. Biz həm Qərb sahilində (İordan çayının Qərb sahilində - red.), həm Şərqi Yerusəlimdə, həm də Qəzza zolağında hərtərəfli siyasi həllin bir hissəsi kimi tam məsuliyyəti öz üzərimizə götürəcəyik”, – Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarda deyib.
Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci Prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının Qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.