Analizin cavabı şoka saldı

66 yaşlı kişi dünyada 100 min insandan sadəcə 3-də rast gəlinən xəstəliyə tutulub


  Türkiyənin Adana bölgəsində yaşayan 66 yaşlı Kemal Yaprak dünyada 100 min insandan sadəcə 3-də rast gəlinən xəstəliyə tutulub. Bu, öd kisəsinin xərçəngidir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, ürək bulanmasından şikayət edən K.Yaprak həkimə müraciət edib, müayinə olunub. Müayinə zamanı öd kisəsində daş və iltihab olduğu müəyyənləşib. 


Ona cərrahi əməliyyat təyin edilib və öd kisəsi çıxarılıb. Əməliyyatla çıxarılan orqan qaydalara uyğun olaraq biopsi analizinə göndərilib. Analizin cavabı isə gözlənilməz və çox təəccüblü olub. Məlum olub ki, K.Yaprak öd kisəsinin xərçənginə tutulub. Xəstə müalicə üçün Balçalı xəstəxanasına göndərilib. Cərrahiyyə şöbəsinin həkimi, dosent doktor Gökhan Sarıtaş xəstəni müayinə edib. Şöbə həkimlərinin birgə rəyi ilə K.Yaprak ikinci dəfə cərrahi əməliyyata alınıb. Bu əməliyyatla əvvəlki əməliyyat zamanı çıxarılmış öd kisəsinin ətrafındakı limfa vəzləri, qara ciyər və öd kanallarındakı xərçəng törəmələri də təmizlənib. Xəstənin həm də müalicə həkimi olan Gökhan Sarıtaş öd kisəsi xərçənginə dünyada nadir hallarda rast gəlindiyini, 100 min nəfərdən sadəcə 3-də öd kisəsi xərçəngi tapıldığını deyib. Həkim “xərçəngin bu növündə simptomlar heç də hər zaman özünü göstərmir. Çox gizli yayılan xərçəng növüdür. Bu səbəbdən də gec aşkarlanır və müalicə şansı da çox az olur. Öd kisəsi ilə birlikdə qarın boşluğuna yayılan xərçəng törəmələri müalicəni çətinləşdirir. Bu xəstəmizdə isə ürək bulanmasıyla özünü göstərib və o, həkimə müraciət edib. Əlimizdən gələni etdik, müalicəsi davam edəcək”, söyləyən həkim deyib ki, öd kisəsində daş olduğu müəyyənləşən insanlar diqqətli olmalı və lazımi müayinələrdən keçməlidirlər. Çünki öd kisəsindəki daşın ölçüsü 3 santimetrdən böyükdürsə, xərçəng təhlükəsi ola bilər. Öd kisəsindəki daşlar xərçəng xəstəliyi yaradır. Arıqlayan, rəngində sarılıq müşahidə edilən, qarın ağrısı olanların mütləq həkimə müraciət edib müayinələrdən keçmələrində fayda var.