Borrell: Ukraynaya beynəlxalq dəstək zəifləyə bilər

Ukraynanı unutmamalıyıq. Ukrayna uduzarsa, biz də uduzarıq.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

“Biz Ukraynaya dəstəklə bağlı həmrəylimizi qorumalıyıq. Üzvlük statusunun verilməsi, hərbi, humanitar və maliyyə yardımları, eyni zamanda, Aİ ölkələri ilə Ukrayna arasında ikitərəfli kanallar vasitəsilə yardımlar, təhlükəsizlik zəmanətinin verilməsi bizim işimizin vacib elementləridir. Bu yardımlar Ukraynaya Rusiyanın müharibəsinə qarşı dayanmaq və öz ərazilərini azad etmək imkanı verir. Rusiyanın itkiləri var, ancaq Rusiya yenidən güclənə bilər”, - Borrell qeyd edib.

Borrell vurğulayıb ki, buna görə də yeganə həll yolu Ukraynaya yardımı davam etdirmək və bu ölkəyə dəstəklə bağlı həmrəyliyi qoruyub saxlamaqdır: “Hər iki müharibənin səbəbləri və nəticələri fərqlidir, ancaq gəlin səmimi olaq ki, Yaxın Şərqdəki böhran artıq bizim Ukrayna siyasətimizə davamlı təsir göstərir. Avropada müşahidə olunan “ikili standartlar” səbəbindən Ukraynaya beynəlxalq dəstək zəifləyə bilər.

Cənubdakı qlobal ölkələr Ukraynada baş verənləri – bu müharibəni qlobal məsələ kimi deyil, regional məsələ kimi görürlər. Onlar düşünür ki, bu, Qərb dünyasının problemidir və hesab edirlər ki, biz bu problemi qısa zamanda həll etməliyik, çünki onlar bu müharibənin nəticələrini yaşamaq istəmir".

Borrell onu da bildirib ki, Yaxın Şərqdəki müharibə və Ukraynadakı müharibə ilə həm də Avropada fikir ayrılığı var.