Bu gün Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verilməsini tövsiyə edib.
Məlumata görə, məsələ ilə bağlı yekun qərar dekabrın 14-15-də veriləcək.
Namizəd ölkələrin üç il sonra Aİ-yə qəbul ediləcəyi vəd edilsə də, bəzi ölkələr uzun illərdir bu vədin yerinə yetirilməsini gözləyirlər.
Məsələn Türkiyə 1999-cu il, Şimali Makedoniya 2005-ci il, Çernoqoriya 2010-cu il, Serbiya 2012-ci il, Albaniya isə 2014-cü ildə Aİ-yə namizəd statusu alsa da, hələ də ittifaqa üzv olmayıb.
Gürcüstanın namizəd ölkə statusu olmasını "Sherg.az"a şərh edən siyasi şərhçi Turab Rzayev bildirib ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqazla bağlı planlarını artıq genişləndirmək niyyətindədir:
"Aİ Cənubi Qafqaz və Şərqi Avropa ilə "Şərq Tərəfdaşlığı" proqramına başlamışdı. Həmin ölkələri Avropa İttifaqına qəbul etmək istəmirdilər. Ancaq əvəzində daha böyük ölkələrə tərəfdaşlıq təklif edirdilər. İndi isə Rusiyanın zəifləməsi Aİ-ni həm Qafqazda, həm də Mərkəzi Asiyada rolunu gücləndiməyə təşviq edir. Fransa və Almaniya rəhbərlərinin Qafqaza, Mərkəzi Asiyaya səfərləri də bunu deməyə əsas verir. Gürcüstana namizəd ölkə statusunun verilməsi gələcəkdə Aİ-yə üzv olmasına şərait yaradacaq. Eyni status Ukraynaya da verilib. Çox güman ki, Moldova ilə də oxşar planları var".
Ekspert onu da qeyd edib ki, gələcək zamanda bu məsələdə həll edici rol oynayan amillərdən biri Ermənistanın rus ordusunu Cənubi Qafqazdan çıxara bilib, bilməməsi olacaq:
"Nikol Paşinyan hakimiyyəti rus ordusunun 102 bazasını bölgədən çıxara bilsə, Aİ-nin Cənubi Qafqazla bağlı planlarında daha köklü dəyişikliklər olacaq. Belə ki, Ermənistan və Azərbaycanı da Aİ-yə üzv almaq istəyəcəklər. Hətta təhlükəsizlik məqsədilə hər üç Qafqaz ölkəsini NATO sıralarına daxil etmək istəyə bilərlər. Amma Rusiya hərbi bazası Ermənistanda və yaxud başqa Cənubi Qafqaz ərazisində qalmağa davam etsə, Gürcüstanın Aİ-yə daxil olması çətinləşəcək. Eyni zamanda sürətli şəkildə Gürcüstanın Aİ-yə namizəd olması, üzvlük yolunun açılması Türkiyə və digər dövlətlərin narazılığına səbəb olacaq. Çünki uzun illərdir ki, qardaş ölkə Avropa İttifaqının qapısında gözləyir. Aİ-yə üzv ola bilməyən dövlətlər xüsusilə də Türkiyə çalışacaq ki, Gürcüstan və digər Qafqaz ölkələri oraya daxil olmasınlar".