"Nə qədər ki, dünya müharibəsi başlamayıb BMT hərəkətə keçməlidir"  - TƏHLİL

BMT Yaxın Şərqdə davam edən münaqişədə həyatını itirən əməkdaşlarını anmaq üçün bayraqları yarıya endirəcək. Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.
Noyabrın 13-də BMT-nin bütün ölkələrdəki ofislərində dalğalanan bayraqlar yarıya endiriləcək və bir dəqiqəlik sükut elan olunacaq.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.  Artıq bir çox ölkələr İsrail və Həmas arasındakı qarşıdurmanın qlobal savaşa çevriləcəyi ilə bağlı açıqlamalar verirlər.

Politoloq Tural İrfan isə "Sherg.az"a açıqlamasında deyib ki, İsrail - Fələstin münaqişəsinin tarixi çox böyükdür və bu problem təkcə iki xalqın yox, bütün dünyanın problemidir: 

" Çünki bunun sayəsində hər zaman digər xalqlar və dövlətlər də iki cəbhəyə bölünməyə vadar olurlar. İstər - istəməz müsəlman xalqları və dövlətləri, bir neçəsini çıxmaqla Fələstinin, Qərb və ABŞ da İsrailin yanında olmalı olur. İsrail və Fələstini dəstəkləyən dövlətlərin də aralarında soyuqluq yaranır və ümumilikdə dünyanın siyasi gedişinə təsir göstərir. Məlumdur ki, bu məsələ ilə bağlı uzun illərdən bəri Fələstin və İsrail dövlətlərinin yaranması ilə bağlı BMT - nin qətnamələri var. Ancaq o dövrdə müəyyən səbəblərdən Fələstin dövləti yaradılmadı, BMT - də bu məsələdə həlledici hərəkət etmədi. Və nəticədə milyonlarla insan tələf oldu. Bu gün isə BMT matəm saxlayır. Hesab edirəm ki, bu təşkilat dünyada ən sanballı beynəlxalq təşkilat olaraq öz boynuna düşən vəzifələri ciddi şəkildə yerinə yetirməlidir. Bilirik ki, Qarabağ məsələsində də onun bir neçə qətnaməsi vardı. Ancaq 30 il ərzində heç bir nəticəyə gətirəcək hərəkət görmədik. Nəticədə Azərbaycan özü o qətnamələri həyata keçirdi. Əgər qətnaməni dövlət özü həyata keçirirsə onda BMT nəyə lazımdır? Ən azı o qətnamələrin icra olunmasına imkan yaratmalı, dəstək verməlidir. Fələstin dövlətinin yaradılması haqda olan qətnamələrin icrasını tələb etməli olduğu halda, real qərarlar qəbul edib həyata keçirməli olduğu halda yas elan etməklə, matəm saxlamaqla məşğul olur. Bu, belə bir böyük təşkilatın nüfuzuna xələl gətirir və etibarına zərbə vurur". 

T.İrfanın sözlərinə görə, hazırki İsrail - Həmas savaşı kimi savaşlar tarixdə bu iki tərəf arasında çox olub. Müvəqqəti fasilələrlə mütəmadi şəkildə davam edib: 

"Bu münaqişə həm İsrail üçün, həm də Fələstin və Qəzza əhalisi üçün ziyanlıdır. İsrailin nüfuzuna ciddi zərbədir, həmçinin Fələstin xalqının qırğına məruz qalması ərəb ölkələrini, müsəlman dövlətlərini də İsrailə qarşı aqressivləşdirə bilər və sonra hansısa kompromis və sülh şəraitinə ümidi azaldır. Hər bir müharibə kimi şübhəsiz ki, bu müharibə də yaxın zamanda sona çatacaq. Çünki Həmasın imkanları İsraillə uzun müddət savaş aparmağa kifayət etməz. Kənardan Həması təhrik edən qüvvələr əslində Həması sonunu gətirməyə və Qəzza əhalisinin məhvinə imza atdılar. Ancaq məsələ, bu gün savaşın bitib bitməməsi deyil. Məsələ problemin kökündən həll olunmasıdır. Görünən odur ki, kökündən həll olunması da hələ mümkün deyil. Çünki körpülər tam yandırılıb. Sadəcə müvəqqəti sabitlik yaratmaq üçün işlər görülməlidir. Ən azı dinc əhalinin qırğınının qarşısı alınmalıdır. Bu gün İsrailə və ya Həmasa təsir etmək istəyən güclər hesab edirəm ki, bu gücü və tələbi BMT qarşısında qaldırmalıdırlar. Ona görə ki, bu problemi hər iki tərəf də həll etməyə qadir deyil. Artıq bir əsrə yaxınlaşan problem sonda dinlər savaşına gətirib çıxara bilər. Hətta nüvə silahının tətbiqinə qədər apara bilər. Müsəlman ölkələri ilə Qərb ölkələri arasında əlaqələrin kəsilməsinə, bütün dünyada gərginliyə səbəb ola bilər.
Hesab edirəm ki, bu problemi tam olmasa da ən azı müəyyən qədər BMT həll edə bilər. Necə ki, vaxtilə hər iki dövlətin yaranması haqda qətnaməni də o qəbul edib. Əgər həll etməyə cəhd etməsə belə çıxır ki, həmin qətnamə ilə bu problemin əsl təməlini məhz həmin təşkilatın özü qoyub. Çünki münaqişə məhz BMT-nin həmin qərarından sonra daha da gərgin fazaya keçib. Əgər BMT-nin həlledici müdaxiləsi olmasa, daimi üzv dövlətlərin məsələnin həllində razılığı olmasa bu savaş davam edəcək. Təəssüf ki, tərəflərin tərəfində olan dövlətlərin bəziləri də münaqişənin bitməsində maraqlı deyillər. Bəziləri özlərindən diqqəti kənarlaşdırmaq üçün bu savaşın davam etməsini istəyir. Bir qism də var ki, öz maraqlarını təmin etmək üçün bunda maraqlıdır. Bu savaş artıq iki xalqın, iki dövlətin problemi olmaq çərçivəsindən çıxıb. Məhz bu baxımdan nə qədər ki, dünya müharibəsi başlamayıb BMT hərəkətə keçməlidir".