Vəfalı it-3 ay sahibinin çürümüş cəsədinin yanında qaldı

3 ay əvvəl ABŞ-nin Kolorado ştatındakı San Juan dağlarına yürüşə çıxan 71 yaşlı idmançı Rik Moordan bu günlərdə xəbər alınıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, idmançı haqqında ən son məlumat 3 min 800 metr hündürlüyündəki Bləkhid zirvəsinə çatdıqda alınıb. Bundan sonra isə ailəsinin onunla telefon bağlantısı kəsilib. Rik Moor yürüşə iti Finni ilə birgə gedib. Onunla əlaqə kəsildikdən sonra  xilasedicilər dəstəsi ətrafda axtarışlara başlayıb. Lakin axtarışlar nəticəsiz olub.  Oktyabrın 30-da isə yaxınlıqdakı ərazidə gəzən bir ovçu cəsəd görüb və bu barədə xilasedicilərə məlumat verib. Ovçunun nişan verdiyi əraziyə gələn xilaasedicilər cəsədin Rik Moora aid olduğunu müəyyənləşdirib
. Heyrətli olansa budur ki, xilasedicilər idmançının iti Finnini çürümüş cəsədin yanında görüblər. Rik Moorun hansı vəziyyətdə, nə səbəbdən vəfat etdiyi bilinmir. Məlum olan "Jack Russell terier" cinsindən olan itin sahibindən ayrılmaması, təxminən 3 ay ərzində cəsədin yanında qalmasıdır.

 İtin 3 ay müddətində vəhşi təbiətdə sağ qalması, necə qidalandığı da təəccüblüdür. İdmançının cəsədi olan yer dik və sıldırım qayalardan ibarətdir. Yerli KİV-in məlumatına görə, aralarında Arkuleta əyalətinin polis idarəsi əməkdaşları və yerli orqanların nümayəndələri cəsədi götürmək üçün əraziyə gediblər. Polis ərazidə təhqiqat aparıb, lakin cinayət baş verməsinə dair bir dəlil, sübut tapılmayıb. İdmançının sadiq iti isə əvvəlcə yerli heyvan sığınacağına gətirilib, müayinə edildikdən sonra Moor ailəsinə təhvil verilib.