Gürcüstan parlamenti hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan vitse-spiker David Sergeyenkonun mandatını əlindən alıb.
“Report” xəbər verir ki, David Sergeyenko prezident Salome Zurabişvilinin impiçmenti zamanı iclasda iştirak etməyib.
Mandatın alınmasının lehinə 78, əleyhinə 2 nəfər səs verib.
“Cənab Davidə parlamentdə fəaliyyətinə görə minnətdarlıq bildiririk və gələcək işlərində uğurlar arzulayırıq”, - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsvermədən sonra deyib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, Gürcüstanda siyasi böhran dərinləşir:
"Çünki mövcud hökumət "Gürcü Arzusu" partiyası çox çalışırdı ki, Prezidentə impiçment həyata keçirsinlər. Amma həm partiya daxilindəki bəzi şəxslərin bu cür iclasda iştirak etməməsi, həm də koalisiyada olan partiyaların dəstək verməməsi buna şərait yaratmadı. Bu isə ölkə daxilində siyasi gərginliyin davam edəcəyini göstərir. Parlament vitse-spikerinin mandatının əlindən alınması kiçik hadisə deyil. Digər tərəfdən Gürcüstan Avropa İttifaqına namizədliyi məsələsi müzakirə olunur. Görünən odur ki, Qərbdən Gürcüstana Rusiyadan uzaqlaşmaq üçün böyük dəstək var. Bu da Mövcud hökümət və koalisiyada olan qərbpərəst partiyaların daha çox hakimiyyətə təzyiq edəcəyinə səbəb ola bilər. Eyni zamanda bu mövcud hökumətdən uzaqlaşaraq başqa bir siyasi təşkilata birləşmək istəyi ehtimallarını ağıla gətirir. Ona görə də gələcək zamanda Gürcüstan hakimiyyətində kifayət qədər gərgin və gözlənilməz hadisələrin şahidi ola bilərik".