Dünyanın ən uzun “parik”i Ginnesin Rekordlar Kitabına düşüb

 Nigeriyalı Helen Villiams dünyanın ən uzun parikini hazırlayaraq Ginnesin Rekodlar Kitabına adını yazdırmağı bacarıb.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, qadının hazırladığı parik  indiyədək hazırlanmış pariklərin ən uzunu olmaqla yanaşı, həm də əl işidir. 
 Parikin uzunluğu 351 metrdir. Onun hazırlanmasına Helen 11 gün vaxt sərf edib. Parikin hazırlanması qadına 2 milyon nairaya – Nigeriya pul vahidinə başa gəlib. Hazırlanma prosesində min cüt saç, 12 qutu saç spreyi, 35 banka saç yapışdırıcısı, 6 min 250 ədəd saç tutqacından istifadə edilib. 
Gənc qadın “bu, indiyədək başıma gələn ən yaxşı işdir. Hələ də bu pariki hazırlayıb bitirdiyimə inana bilmirəm”, söyləyib. Helen 8 ildir parik hazırlamaqla məşğuldur, lakin Ginnesin Rekordlar Kitabına düşməyi ağlına da gətirməyib. Onu bu işə ailə üzvləri həvəsləndirib. “Onların ümidsizliyə düşməsini istəmədim. İşə başladım və bacardım. Dünyanın ən uzun parikini hazırladım”, deyən Helen onu bu işə cəsarətləndirən ailə üzvlərinə təşəkkür edib. Parikin uzunluğunun ölçülməsi üçün münasib yer tapılması çətinliyti ilə də qarşılaşıblar. Sonunda parikin Nigeriyanın ən uzun avtomobil yollarından olan,  Lagos və Abeokuta şəhərlərini birləşdirən avtomobil yolu seçilib. Parik yol boyu yerə sərilib və ölçülüb. Ginnes rəsmiləri parikin hazırda dünyada, həqiqətən də, ən uzun ölçülü olmasını təsdiqləyiblər və Helenin adı ən uzun  parik hazırlayan şəxs kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Gənc qadın rekorda imza atdığı parikini insanların görməsi üçün onu şəxsi ofisində nümayiş etdirir.